Yeniyetmələri intihara sürükləyən səbəblər nədir?
Yeniyetməlik dövrü insan həyatının ən həssas mərhələlərindən biridir.
Bu dövrdə gənclər həm fiziki, həm də emosional dəyişikliklər yaşayır, öz kimliyini formalaşdırmağa çalışır. Kənardan adi görünən bir problem — ailə daxilində anlaşılmazlıq, məktəbdə yaşanan təzyiq, sosial şəbəkələrdə müqayisə, dost münasibətlərində yaranan konflikt, bəzi yeniyetmələr üçün böyük psixoloji yükə çevrilə bilər.
Araşdırmalar göstərir ki, yeniyetmələrin intihar düşüncəsinə gəlməsi adətən tək bir səbəbdən yaranmır. Burada uzun müddət toplanan stress, özünü tək hiss etmək, anlaşılmamaq, depressiv hallar və çıxış yolu görməmək kimi amillər rol oynaya bilər.
“Cebheinfo.az”-ın araşdırmasına görə, yeniyetmə beyni hələ tam formalaşmadığı üçün emosiyalar daha güclü yaşana bilər.
Bu yaşda gənc bəzən yaşadığı problemin müvəqqəti olduğunu dərk etməkdə çətinlik çəkir və həmin anın ağrısını bütün həyatına aid edə bilər.
Ailə daxilində diqqətsizlik, daim tənqid olunmaq, valideynlərlə ünsiyyətin zəifləməsi də yeniyetmənin özünü dəyərsiz hiss etməsinə səbəb ola bilər.
Xüsusilə “məni heç kim anlamır” düşüncəsi bu dövrdə təhlükəli emosional vəziyyət yarada bilər. Bu yanaşmaya görə, valideynin qoruması uşağın yaşı artdıqca dəyişməlidir. Kiçik yaşlarda əsas məsələ fiziki təhlükəsizlikdirsə, yeniyetməlikdə əsas ehtiyac emosional dəstək və düzgün istiqamətləndirmədir.
Yeniyetmə böyüsə də, valideyn nəzarəti və marağı tam bitməməlidir. Sadəcə nəzarət forması dəyişməlidir: qadağalar və sərt müdaxilə əvəzinə söhbət, etibar və dəstək daha vacib olur. Valideynlərin işləməsi həyatın reallığıdır və təkcə bu fakt yeniyetmənin intihar etməsinə səbəb kimi qiymətləndirilə bilməz.
Ancaq uşaq uzun müddət özünü tək, diqqətsiz və emosional olaraq dəstəksiz hiss edərsə, bu, onun psixoloji vəziyyətinə təsir göstərə bilər.
Burada əsas məsələ valideynin evdə neçə saat olması deyil, həmin vaxtın necə keçirilməsidir. Bəzən gün ərzində az vaxt keçirən, amma uşağını dinləyən və yanında olduğunu hiss etdirən valideyn daha güclü bağ yarada bilir.
Əksinə, eyni evdə yaşayan, amma ünsiyyəti olmayan ailələrdə yeniyetmə özünü tənha hiss edə bilər. Müasir yeniyetmələrin qarşılaşdığı problemlərdən biri də sosial mediada daim müqayisə edilməkdir. Başqalarının “ideal həyatını” görmək bəzi gənclərdə öz həyatına qarşı narazılıq yarada bilər.
Bundan əlavə, kiberzorakılıq, məktəb təzyiqi və gələcəklə bağlı qorxular da yeniyetmələrin psixoloji yükünü artıran amillərdəndir.Yeniyetmənin ən böyük ehtiyaclarından biri eşidilmək və anlaşılmaqdır. Valideynin əsas rolu yalnız qorumaq deyil, uşağın çətin anlarında müraciət edə biləcəyi təhlükəsiz insan olmaqdır.
Qeyd edək ki, bir yeniyetmənin “məni heç kim anlamır” hissinə düşməməsi üçün ailədə açıq ünsiyyət, diqqət və emosional yaxınlıq böyük əhəmiyyət daşıyır. Çünki bəzən vaxtında verilən qərar, bir sual və ya göstərilən diqqət insanın həyatında böyük fərq yarada bilər.
Aişə Abdulova
“Cebheinfo.az”


