Yeni reallıq: Dünyaya sübut olunan "düz xətt"
"Bizim yaşadığımız həyat vahid düz xətt üzərində qurulmur. Həyat başdan-ayağa bir-birinin əksi olan, bir-birinə ziddiyyət təşkil edən mükəlləfiyyətlərlə doludur. Biz insanlar daim o mükəlləfiyyətlər arasında seçim etmək məcburiyyətindəyik. Kimsə bu seçimdən qaça bilməz. Düzdür, fatalistlərə bu aid deyil. Bu fəlsəfə taleyin hökmünə olan gümanla yaşayanları həmin mükəlləfiyyətlərdən məhrum edir".
"Cebheinfo.az" xəbər verir ki, bunu "Yeni Xətt" Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov deyib.
"Bizdə gözəl bir deyim var: “Səndən hərəkət, məndən bərəkət.”Əslində, Allah insana azadlıq verib, amma hər şeyin sərhədini də müəyyən edib. İnsan bəzən öz xarakterini dəyişə bilər, lakin onu tamamilə ləğv edə bilməz. Yaradan o qədər gücü və azadlığı insana verməyib. Yəni insan öz ruhundakı konstitusional xarici quruluşun müəyyən hissələrini dəyişəcək qədər azaddır. Təbii ki, bu xüsusiyyətlər və keyfiyyətlər hamıda olmur. Dünyada hər bir hadisənin bir səbəbi var. İnsanlar da, onların qərarları da səbəb-nəticə zəncirinin bir hissəsidir. Bununla yanaşı, azad iradə də lazımdır ki, öz seçimlərini sərbəst şəkildə edə biləsən və gələcəyə təsir göstərə biləcək qətiyyətə sahib olasan"-deyə, R.Hüseynov deyib.
Siyasi-şərhçi qeyd edib ki, insanlar nəticənin necə olacağına zəmanət verəcək gücdə deyil:
"Biz yalnız o nəticəyə doğru can atmaq və onun uğrunda çalışmaq gücünə malikik. Yəni determinizm anlayışına üstünlük verməklə nəticələr əldə etmək uğrunda çalışırıq. Bu gün yaşadığımız dünya sanki əyri xətlər toruna bürünüb. Həmin torun ipini nəzarətdə saxlamaq, onun sirlərini öyrənmək və bu səlahiyyətləri qazanmaq uğrunda ciddi mübarizə gedir. Dünya dövlətləri bunun uğrunda müharibələr aparır, insanlar həyatını itirir, fəlakətlər törədilir və gördüyümüz kimi, cəmiyyət fatalist və determinist təfəkkür arasında parçalanır. Belə bir zamanda biz çox ciddi nəticə əldə etməklə dünyanın yalnız əyri xətlərdən ibarət olmadığını, düz xəttin də mövcud olduğunu xatırlatdıq. Vətən müharibəsində qazandığımız qələbə dövlətimizin şanlı Zəfəridir".
R.Hüseynov vurğulayıb ki, siyasətdə güclü idarəetməyə, sabitliyə, etimada, inama və daimi inkişafa nail olmaq üçün də azad iradə lazımdır:
"Belə bir həyatda Allahın bizə verdiyi azadlıqdan necə istifadə etmək fikrindən uzaq olmaq olmaz. Bunun üçün lider olmaq gərəkdir. İlham Əliyev müasir siyasətdə uğur qazanan liderə lazım olan əsas xüsusiyyətləri özündə birləşdirir: vizyon - gələcək təsəvvür, iradə və qətiyyət, ağıl, müdriklik, strateji düşüncə, cəsarət və etimad yaratmaq bacarığı. Bütün bu keyfiyyətləri öz şəxsiyyətində və siyasi fəaliyyətində birləşdirən liderimiz var. Unutmayaq ki, yuxarıda qeyd etdiyim kimi, əyri torun ipi uğrunda kim mübarizə aparırsa-aparsın, o ipin sahibi Allahdır. O, həmin ipi heç kimə verməz ki, dünya öz məcrasından çıxsın və ya tarazlığını itirsin".
"Cebheinfo.az"

