Müharibə ilə bağlı şok: "Trampın səlahiyyəti bitdi"
ABŞ Senatı İranla müharibənin dayandırılmasına dair qətnamə qəbul edib.
50 senator bu sənədin lehinə, 48 senator isə əleyhinə səs verib. Bununla da ABŞ tərəfi İrana qarşı hərbi əməliyyatlara de-yure xitam verib.
Lakin ABŞ və İran arasında imzalanmış İslamabad Anlaşma Memorandumuna görə, sülhün bərqərar olması razılaşmaların 60 gün ərzində icrasından asılıdır.
Əgər tərəflər 60 gün müddətində Pakistanın vasitəçiliyi ilə əldə olunmuş 14 maddəlik sənəddə üzərinə götürdükləri öhdəlikləri yerinə yetirməsələr, müharibə yenidən başlaya bilər.
Hətta ABŞ Prezidenti Donald Tramp İranı İslamabad Anlaşma Memorandumuna əməl etməsələr başlarına bomba yağdıracağı ilə hədələmişdi. Belə ki, İran nümayəndə heyəti İsveçrənin Bürgenstok şəhərində ABŞ ilə keçirilən danışıqlarda Donald Trampın onlara zəng edərək hədələdiyini bildirib.
Çox güman ABŞ Prezidentinin bu davranışı danışıqlar prosesində rəsmi Tehrana diplomatik təzyiq məqsədi daşıyıb. Senatın qətnaməsi isə ABŞ-nin İrana qarşı müharibəni davam etdirmək niyyətində olmadığını göstərir.
Senatda səs çoxluğunun respublikaçılarda olduğunu nəzərə alsaq, bu yalnız Donlad Trampın deyil, bütövlükdə hakim partiyanın yekun mövqeyi kimi başa düşülə bilər.
Yəni “Respublikaçılar” partiyası bu ilin noyabr ayında Konqresə keçiriləcək aralıq seçkilərə müharibə şəraitində getmək istəmir.
Hüquqşünas Qulamhüseyn Əlibəyli “Cebheinfo.az”-a açıqlamasında Senatın qətnaməsinin ABŞ-İran müharibəsini dayandırmaq üçün ən yüksək hüquqi qüvvəyə malik sənəd olduğunu bildirib.

Onun sözlərinə görə, Prezident Tramp Senatın qəbul etdiyi qətnaməni poza bilməz:
“Bu qətnamə Trampın hərbi səlahiyyətlərini məhdudlaşdırır, yenidən müharibəyə başlamaq üçün 60 günlük müddəti də aradan qaldırır.
Yəni əgər Senatın başqa dövlətlə müharibəni dayandırmaq barədə razılığı varsa, artıq Prezident 1973-cü ildə qəbul edilmiş “Müharibə Səlahiyyətləri Haqqında” Qanuna istinad etmək hüququna malik deyil.
Çünki Tramp artıq 60 günlük müddətdən bir dəfə istifadə edib. İndi Konqres bütövlükdə müharibə və İranla bağlı məsələlərdə səlahiyyətləri öz üzərinə götürüb.
Tramp başqa ölkəyə qarşı 60 günlük müharibə səlahiyyətindən istifadə edə bilər. Lakin Trampın İrana qarşı yenidən müharibə əmri vermək səlahiyyəti yoxdur”.
Qulamhüseyn Əlibəyli hesab edir ki, 60 gün ərzində İran tərəfi ABŞ ilə razılaşmalara əməl etməsə, yenidən müharibənin başlanması ehtimalı çox azdır:
“Çox güman ki, danışıqlar yenidən davam edəcək. Bu halda müharibəni yenidən başlamaq Trampa sərf etmir. Çünki noyabr ayında Konresə aralıq seçkilər keçiriləcək.
Əgər Tramp Senatın icazəsi olmadan müharibəyə başlasa, respublikaçılar seçkilərdə ciddi səs itirə bilər. Tramp da bunu başa düşür. Ona görə də Tramp çalışacaq ki, müharibə olsa belə, bunu Senatın razılığı ilə etsin.
Yəni müharibəyə başlamaq üçün öz qərarına yenidən baxmaq üçün Konqresə müraciət edə bilər. Amma mən müharibənin olacağını gözləmirəm və danışıqların davam edəcəyini gözləyirəm”.
Müşfiq Abdulla
“Cebheinfo.az”

