TƏBİB-dən Fərhad Mehdiyevin ittihamlarına CAVAB
TƏBİB vəkil Fərhad Mehdiyevin qızının ölümü ilə bağlı ittihamlarını cavablandırıb.
Bu barədə "Cebheinfo.az"-ın sorğusuna cavab olaraq bildirilib ki, xəstə tibb müəssisəsinə son dərəcə ağır vəziyyətdə çatdırılıb:
“Dərhal sonra reanimasiya və intensiv terapiya tədbirlərinə başlanılıb, hava yolunun keçiriciliyinin təmin edilməsi məqsədilə intubasiya icra olunub, mərkəzi venoz kateter yerləşdirilib, hemodinamik göstəricilərin stabilləşdirilməsi üçün infuzion terapiya və vazopressor dəstəyi göstərilib. Eyni zamanda açıq sınıq sahəsinə ilkin tibbi yardım göstərilib, yara işlənilib və ətrafın immobilizasiyası məqsədilə gips qoyulub”.
Daha sonra qeyd olunub ki, ilkin qiymətləndirmə zamanı baş-beyinin alın payının əzilməsi, döş qəfəsinin əzilməsi, bud-çanaq oynağı nahiyəsinin sınığı və massiv qanaxma ilə müşayiət olunan çoxsaylı ağır travmalar müəyyən edilib:
“Həkimlər tərəfindən xəstənin həyatının xilas olunması, həyati vacib funksiyalarının qorunması və vəziyyətinin stabilləşdirilməsi istiqamətində bütün zəruri tibbi tədbirlər həyata keçirilib. Bununla belə, alınmış çoxsaylı ağır travmalar və onların yaratdığı ağır fəsadlar fonunda ürək fəaliyyəti dayanıb və bioloji ölüm baş verib”.
Xatırladaq ki, vəkil, professor Fərhad Mehdiyev sosial şəbəkə hesabında qəza nəticəsində vəfat edən 17 yaşlı qızı Zəhranın ölümü ilə bağlı Abşeron Rayon Mərkəzi Xəstəxanasını (RMX) və Təcili Təxirəsalınmaz Tibbi Yardımı (TTY) ciddi fəaliyyətsizlikdə və qeyri-peşəkarlıqda ittiham edib.
O, xəstəxana heyətinin qızının həyatını xilas etmək üçün kifayət qədər səy göstərmədiyini bildirib.
Gülər Həsənli
"Cebheinfo.az"

