Razi Nurullayev sərt danışdı: “Bunlar ya keçmiş hərəkatçılardır, ya Əli Kərimli tərəfdarlarıdır”

Razi Nurullayev sərt danışdı: “Bunlar ya keçmiş hərəkatçılardır, ya Əli Kərimli tərəfdarlarıdır”

“Azərbaycandakı 3-4 milyon sosial şəbəkə istifadəçisi içərisində deputatın hər addımında mənfilik axtaran 50-60 min nəfərlik bir kəsim var ki, onlar qəsdən rəy formalaşdırır və millət vəkillərini hədəfə gətirirlər; son günlər “uşaqpulu” və qadınların pensiya yaşı ilə bağlı mənə qarşı atılan şər-böhtanlara qarşı artıq hüquqşünasım lazımi addımları atır”.

"Cebheinfo.az" xəbər verir ki, bunu, fəaliyyətinə yönələn qərəzli kampaniyalar, vətəndaş müraciətlərinin icrasındakı çətinliklər və sosial şəbəkələr barədə danışarkən Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev deyib.

“Mənfilik axtarırlar ki, səni hədəfə gətirsinlər”

Millət vəkili rəqəmsal platformalarda fikir formalaşdıran və qəsdən qərəz nümayiş etdirən qrupların kimliyini açıqlayıb:

“Belə götürək ki, ümumilikdə Azərbaycanda ən azından 10 milyon yarım əhalimiz var. Bunun 3-4 milyonu sosial şəbəkə istifadəçisidir. Onun içərisində 50-60 min insan var ki, deputatın fəaliyyətini bəyənməyə bilər. Amma onlar fikir formalaşdıran insanlardır.

Onlar əsasən, hər hansı bir insanın fəaliyyətində mənfi bir cümlə, mənfi bir geyim, mənfi bir davranış, oturuşunda və ya danışığında bir mənfilik axtarırlar ki, səni hədəfə gətirsinlər. Bunlar ya keçmiş hərəkatçılardır, ya Əli Kərimli tərəfdarlarıdır, müəyyən bir qismi müsavatçılardır, kiçik bir hissəsi digər siyasi partiyalardandır və ya sadəcə gözü götürməyənlərdir”.

“Tənqid edilən məmurlar şəbəkə yaradıb”

MCP başqanı deputatları hədəf alan digər qrupların maraqlarını və vətəndaş müraciətlərindəki informasiya qıtlığını diqqətə çatdırıb:

“Digər bir qisim isə sənilə namizəd olmuş, seçilməmiş şəxslərin qohum-əqrəbası, tərəfdarlarıdır. Bir qismi sənin tənqid etdiyin məmurlar və onların yaxınlarıdır. Digər bir hissəsi isə sənə müraciət edən, amma problemini obyektiv səbəblərdən həll edə bilmədiyin insanlardır.

O da müəyyən mənada informasiyasızlıqdan, savadsızlıqdan irəli gəlir ki, deputat hər məsələni təkbaşına həll edə bilməz. Vətəndaş deputatdan əvvəl hətta prezidentin köməkçilərinin yanında, nazirlərin qəbulunda olub, onlar həll edə bilməyiblər.

Çünki o məsələnin həll olunması uzun bir prosesdir və bəlkə də artıq cənab Prezidentə məruzə olunmalıdır ki, bu kateqoriyadan olan insanların problemi kökündən həll olunsun. 20-30 il ərzində hər yerdə olub nəticə ala bilməyənlər, indi mənim üstümə gəlirlər ki, sən həll edə bilmədin, sən can yandırmadın. Onlar özləri də bilirlər ki, səndən əvvəl heç kim kömək etməyibsə, mən qısa müddətdə necə kömək edə bilərəm?”

“Məni şərlədilər, hüquqşünasım addım atır”

Ona qarşı yönələn son şər kampaniyalarına toxunan deputat, məhkəmə müstəvisində geri çəkilməyəcəyini bəyan edib:

“Bir də ki, məsələn, bu yaxınlarda "uşaqpulu" ilə bağlı, qadınların pensiya yaşı ilə bağlı məni hədəfə gətirdilər, mənə şər atdılar. Hazırda hüquqşünasım gərəkən addımları atır. Mən heç vaxt nə jurnalisti, nə bloqeri, nə də vətəndaşı məhkəməyə verməyə meyilli olmamışam. 

Çox nadir hallarda bu addımı atıram, amma addım atdıqdan sonra geri çəkilmirəm, sonuna qədər gedirəm və bilirəm ki, haqlıyam, qanun çərçivəsində cəzalandırıram. Mən tərif üçün, şan-şöhrət üçün çalışmıram. Vəzifəmi yerinə yetirirəm və bu mənə xoş gəlir. Kimlərinsə gözü götürmür, bu addımları atırlar. Belələri çox namərd, cahil insanlardır”.

"Cebheinfo.az"