Yeni sanksiyalar sərt reaksiya: “Cinayətdir”

Yeni sanksiyalar sərt reaksiya: “Cinayətdir”

Kuba hökuməti ABŞ tərəfindən tətbiq edilən yeni sanksiyaları sərt şəkildə pisləyib. 

Kubanın xarici işlər naziri Bruno Rodrigez ABŞ-nin qərarını “cinayət” adlandıraraq Vaşinqtonu tənqid edib.

“Cebheinfo.az” "trthaber.com"- a istinadən xəbər verir ki, Rodrigez ABŞ-nin sosial media platforması "X"-də verdiyi açıqlamada  yeni sanksiyaların Kuba iqtisadiyyatına və xalqın həyat şəraitinə mənfi təsir göstərməyə yönəldiyini deyib. O, ABŞ dövlət katibi Marko Rubionu da sərt şəkildə ittiham edib.

“ABŞ hökuməti Kuba iqtisadiyyatına qarşı təzyiqləri artırmağa davam edir. Bu addımlar xalqımıza qarşı qəddar təcavüz və kollektiv cəza siyasətidir. Dünyanın ən böyük gücünün rəhbərliyində təhrik edilən bu yanaşma cinayətdir”, – deyə Rodrigez bildirib.

ABŞ isə Kuba ordusunun nəzarətində olduğu bildirilən GAESA holdinqinə qarşı yeni sanksiyalar tətbiq edib.

ABŞ dövlət katibi Marko Rubio "X" hesabında açıqlama verərək bildirib ki, GAESA şəbəkəsi ilə əlaqəli şirkətlər sanksiya siyahısına əlavə olunub. Rubionun sözlərinə görə, bu qurum Kuba iqtisadiyyatında böyük təsirə malikdir və ölkənin resurslarından hökumətin maraqları üçün istifadə edir.

Rubio, həmçinin qeyd edib ki, kömür və metal ehtiyatlarının qanunsuz istismarı ilə məşğul olduğu iddia edilən bəzi qurumlara da sanksiyalar tətbiq edilib. O vurğulayıb ki, ABŞ bu şirkətlərin ölkəyə qarşı təbliğat fəaliyyətinə imkan verməyəcək.

Aişə Abdulova
“Cebheinfo.az”