Yaxın Şərqdə yeni reallıq: İran həlledici qüvvədir?
"ABŞ-nin İsrailin təhrikiylə İrana qarşı bu ilin fevralında başladığı müharibə, uzun illər Ağ Evin İrana münasibətdə sərgilədiyi mövqenin növbəti dəfə səmərəsizliyini təsdiqləməklə yanaşı, dünyanın enerji və maliyyə bazarlarında dərin iqtisadi böhran yaradıb”.
Bunu "Cebheinfo.az"-a açıqlamasında ABŞ və İran arasında aparılan danışıqların nəticəsini şərh edərkən Milli Cəbhə Partiyasının başqan müşaviri, politoloq Elşən Manafov deyib.

O bildirib ki, dünyanı bürüyə biləcək iqtisadi böhranın daha da dərinləşməsi ehtimalı və bununla bağlı beynəlxalq aləmdə Tramp administrasiyasının siyasətinə qarşı narazılığın artması, hətta ABŞ-nin müttəfiqi olan ölkələrdə doğurduğu geosiyasi və iqtisadi rezonans, rəsmi Vaşinqton bunu etiraf etməsə də, Ağ Evi İranla İsveçrədə başlanmış danışıqlarda güzəştə getməyə və əvvəlki mövqeyindən geri çəkilməyə məcbur edib:
“İsveçrədə danışıqlar aparan İran rəsmiləri ABŞ qarşısında irəli sürdüyü sərt şərtlər və bu şərtlərin qəbul olunmayacağı təqdirdə danışıqların dayandırılacağı ilə bağlı mövqeyi bunun əyani sübutudur.
Məhz İranın nümayəndə heyəti İrana qarşı başlanmış hücumla bağlı ABŞ-nin rəsmi şəkildə üzr istəməsini, ona dəymiş ziyana görə kompensasiya ödənilməsini, İsrail qoşunlarının dərhal Cənubi Livandan çıxarılmasını, eləcə də mərhələli şəkildə ABŞ hərbi bazalarının Yaxın Şərq ölkələrindən çıxarılmasını tələb edir.
Bundan əlavə, İran Hörmüz boğazına nəzarət hüququnun beynəlxalq dəniz hüququna əsaslandığını bəyan etməklə, boğaza nəzarət hüququnun onun suveren dövlət kimi təhlükəsizlik maraqlarından irəli gəldiyini bildirir.
Hazırda Pakistan və Qətər diplomatlarının iranlı həmkarlarını ABŞ-la danışıqlar masası arxasına gətirmək istiqamətində göstərdikləri səylər hələ ki, nəticə vermir".
Politoloq qeyd edib ki, müharibə bölgədə yeni regional gücün hərbi imkanlarının qabardılması və əyani nümayişi baxımından, eləcə də region ətrafında yeni qüvvələr nisbətinin formalaşması baxımından ekspertlərin diqqətini özünə cəlb edib:
"ABŞ Prezidenti Trampın açıqlamalarının əksinə olaraq, İrandakı siyasi rejim çökməyib. Əksinə, başlanmış müharibə cəmiyyətin rejim ətrafında monolit birliyinin daha da möhkəmlənməsinə gətirib çıxarıb.
İqtisadiyyat müharibənin doğurduğu iqtisadi-sosial problemlərin yükünə davam gətirib, ordu və təhlükəsizlik qüvvələrinin döyüş ruhu sarsılmayıb. Yəni İran öz hərbi gücünü və iqtisadi potensialını qoruyub saxlaya bilib.
ABŞ-nin gözləntilərindən fərqli olaraq, onun NATO üzrə müttəfiqləri və Avropa İttifaqı İrana qarşı başlanmış hərbi kampaniya dövründə Vaşinqtona dəstək verməyiblər. “Böyük yeddiliyin” bu günlərdə keçirilən toplantısında yaşanan hadisələr də bunun əyani sübutudur".
O qeyd edib ki, İsrailə gəlincə isə Benyamin Netanyahu hökumətinin ölkə seçiciləri arasında reytinqinə ciddi zərbə dəyib:
"Bunu Qüdsdəki Herbert Universitetinin nəzdində fəaliyyət göstərən sorğu mərkəzinin respondentlər arasında keçirdiyi yekun nəticələr də təsdiq edir. Rəyi soruşulanların 92 faizi İsrailin İranla növbəti savaşda məğlub olduğunu bildirib.
Daha 74 faizi isə parlament seçkilərinin bu gün keçiriləcəyi təqdirdə, ölkənin təhlükəsizlik maraqlarından çıxış edərək Netanyahu partiyasına səs verməyəcəklərini qeyd ediblər".
Onun sözlərinə görə, İranın İsrailin öz qoşunlarını Cənubi Livandan çıxarması ilə bağlı sərt tələbi göstərir ki, Tehran İsraillə münasibətlərində yeni mərhələyə keçidi nəzərdə tutan siyasətinin qəbul edilməsində israrlıdır:
"Bu mərhələ İsrailin müttəfiqləri ilə birlikdə Yaxın Şərqdə növbəti dəfə Suriya ssenarisinin həyata keçirilməsinin qarşısının alınmasına hesablanmış siyasət ola bilər.
Digər tərəfdən, İranın proksi qüvvələrə dəstəyini dayandırmayacağı ilə bağlı mövqeyi göstərir ki, Tehran öz regional geosiyasi maraqlarını qorumaq üçün ABŞ və İsraillə əməkdaşlıq edən ərəb dövlətlərinin siyasi elitaları ilə qarşıdurmada proksi qüvvələrin yaratdığı reallıqlardan məmnundur və geri çəkilmək niyyətində deyil.
İranın Qərbdə dondurulmuş aktivlərinin ona qaytarılması ilə bağlı tələbləri isə göstərir ki, rəsmi Tehran müharibənin regionda formalaşdırdığı yeni güc balansının reallıqlarından çıxış edərək öz şərtlərinin qəbul olunmasına çalışacaq.
Müharibə artıq ABŞ iqtisadiyyatına 30 milyard dollardan çox ziyan vurub. Tramp administrasiyası müharibənin davam edəcəyi təqdirdə demokratların təhriki ilə ölkədə sosial və siyasi narazılığın artması ehtimalını, eləcə də müharibənin beynəlxalq enerji və maliyyə bazarlarında yaratdığı böhranı və onun nəticələrini nəzərə almaq məcburiyyətindədir".
Əfsanə Rəcəb
"Cebheinfo.az"

