870 min insan yeni iş qrafikinə necə öyrəşəcək?

870 min insan yeni iş qrafikinə necə öyrəşəcək?

Son günlər iş saatlarının dəyişdirilməsi yenidən gündəmin əsas mövzularından birinə çevrilib. 

Bunun əsas səbəbi isə xüsusilə səhər və axşam saatlarında yollarda yaranan tıxacların həm işə gedən insanların, həm də ümumi şəhər hərəkətinin gedişatını çətinləşdirməsidir. “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na əsasən, dövlət orqanlarının, təhsil və tibb müəssisələrinin, eləcə də digər hüquqi və fiziki şəxslərin iş rejiminin dəyişkən iş qrafikinə uyğun şəkildə təşkili nəzərdə tutulur. Bu yanaşmanın əsas məqsədi pik saatlarda nəqliyyat sıxlığını azaltmaq və şəhərdaxili hərəkəti daha səmərəli etməkdir. 

Yeni iş qrafiki hansı üstünlüklər və ya çətinlikləri yarada bilər?İnsanlar yeni iş qrafikinə necə adaptasiya olacaq? 

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında iqtisadçı- ekspert Natiq Cəfərli bildirib ki, iş saatlarının dəyişdirilməsi heç də asan məsələ deyil: 

“Azərbaycanın əmək bazarının özünəməxsus xüsusiyyətləri var. Hazırda ölkədə təxminən 870 min insan dövlət büdcəsindən maliyyələşən təşkilatlarda, nazirliklərdə və dövlət idarələrində çalışır. Onların əhəmiyyətli hissəsi isə təhsil sektoruna aiddir. Xüsusilə məktəblər bu sistemdə əsas yükü daşıyan sahələrdən biridir. 

Əgər dərslərin başlanma saatlarının 9:00, 10:00 və ya 11:00-a keçirilməsi kimi dəyişikliklər gündəmə gələrsə, bir sıra çətinliklər ortaya çıxa bilər. İlk növbədə, məktəblərdə sinif otaqlarının və ümumi infrastrukturun bu dəyişikliklərə uyğun olub-olmaması sual doğurur. 

Digər tərəfdən, valideynlərin gündəlik rejimi də nəzərə alınmalıdır. Hazırda bir çox valideyn səhər saat 8:00-da övladını məktəbə qoyaraq işə gedir. Dərslər daha gec saatlarda başlayarsa, uşaqların məktəbə çatdırılması məsələsi yeni təşkilati problemlər yarada bilər”. 

O qeyd edib ki, iş qrafikinin dəyişdirilməsi mürəkkəb prossesdir: “Dövlət qurumlarının iş rejimi – polis, prokurorluq və məhkəmə sistemi kimi vacib sahələr vahid iş qrafikinə uyğun fəaliyyət göstərir və bu sistemin dəyişdirilməsi əlavə koordinasiya tələb edər. 

Özəl sektor isə daha çevikdir və iş saatlarını özü tənzimləyir. Bu sahəyə inzibati qaydada bir modelin tətbiqi isə praktik baxımdan çətin görünür. Bütün bunları nəzərə alaraq, iş saatlarının dəyişdirilməsi ilə bağlı müxtəlif təşviqedici və mərhələli yanaşmalar mümkün olsa da, vahid və kəskin rejim dəyişikliyinin tətbiqi mürəkkəb prosesdir. 

Azərbaycanın əmək bazarının struktur xüsusiyyətləri bu məsələdə əsas həlledici amil olaraq qalır. İnsanların yeni iş və dərs saatlarına uyğunlaşması da ayrıca bir mərhələ tələb edir. Bu proses qısa müddətdə baş verə bilməz, çünki gündəlik vərdişlər – yuxu rejimi, nəqliyyat hərəkəti və ailə planlaması – birbaşa dəyişir”.

 Adaptasiya dövründə xüsusilə uşaqlar və yaşlı işçilər üçün çətinliklər yarana bilər: 

“Yeni rejimə uyğunlaşmaq üçün müəyyən vaxt və mərhələli keçid zəruridir”. 

Gülər Həsənli
 “Cebheinfo.az”