Bakı-Aşqabad münasibətlərində yeni mərhələ
Azərbaycanda dövlət səfərində olan Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov bu gün Füzuli rayonuna səfər edib.
Füzuli Beynəlxalq Hava Limanında ali qonağı Azərbaycan Prezidenti İlham Əliyev qarşılayıb. Qeyd edək ki, iyunun 22-də Azərbaycan və Türkmənistan prezidentlərinin mətbuata birgə bəyanatları zamanı Prezident İlham Əliyev Qarabağın bərpasına göstərilən dəstəyə görə Türkmənistan tərəfinə təşəkkürünü ifadə edib.
Prezident bildirib ki, Qarabağın bərpasında köməyə görə Türkmənistana, əziz qardaşım Arkadağ Qurbanqulu Məlikquliyeviç Berdiməhəmmədova bir daha təşəkkürümü bildirmək istərdim.
O, ötən ilin iyulunda ölkəmizə səfər edərkən Füzuli şəhərində məscidin tikintisi təşəbbüsünü irəli sürdü və artıq tikintiyə başlanılıb. Bu, Türkmənistanın, onun Ümummilli Liderinin və bütün qardaş Türkmənistan xalqının Azərbaycana səmimi, dostcasına münasibətinin daha bir göstəricisi idi.
“Cebheinfo.az”-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, imzalanan sənədlər Bakı-Aşqabad münasibətlərini tamamilə yeni mərhələyə qaldırıb. O qeyd edib ki, Azərbaycan və Türkmənistan bir millətin iki dövlətidir:

“Türkmənistan və Azərbaycan münasibətlərində tarixi dövr yaşayırıq. Bir gün öncə iki qardaş ölkə arasında imzalanan sənədlər Türkmənistan və Azərbaycan arasında münasibətləri tamamilə yeni bir mərhələyə qaldırmış oldu.
Bu sənədlər Xəzər dənizi hövzəsində əməkdaşlığın daha da dərinləşdirilməsi üçün hüquqi öhdəliklər yaradan mühüm müqavilə bazası formalaşdırdı. Türkmənistan və Azərbaycan Xəzərin şərq və qərb sahillərində yaşayan bir millətin iki dövlətidir.
Belə olan halda, münasibətlərimiz xalqlarımızın rifahına, dövlətlərimizin güclənməsinə xidmət edəcək, beynəlxalq münasibətlər sistemində Azərbaycanın və Türkmənistanın yerinin və rolunun artmasına gətirib çıxaracaq”.
Hikmət Babaoğlu vurğulayıb ki, Füzulidə inşa olunan məscid Azərbaycan-Türkmənistan birliyinin simvoludur:
“Qardaş Türkmənistanın milli lideri Qurbanqulu Berdiməhəmmədovun təməlini qoyduğu məscidin bu gün Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov tərəfindən Azərbaycan Prezidenti ilə birgə ziyarət edilməsi və mərasimdə iştirakı milli və dini birliyimizin simvoludur.
Xalqlarımızı birləşdirən çoxsaylı dəyərlər var: dil dəyərləri, etnik dəyərlər, Dədə Qorqud dəyərləri, Oğuz xan dəyərləri. Amma, bununla bərabər dini dəyərlər də xalqlarımızı birləşdirir.
Ona görə də düşünürəm ki, bu mühüm hadisə iki qardaş ölkə arasında mənəvi bağların daha da dərinləşməsinə xidmət edəcək mühüm tarixi hadisədir”.
Əfsanə Rəcəb
“Cebheinfo.az”

