Paşinyan Rusiyanın “5-ci kolon”unu sıradan çıxarır

Paşinyan Rusiyanın “5-ci kolon”unu sıradan çıxarır

“Daşnaksütyun” partiyasının Ali Orqanının Ermənistan üzrə nümayəndəsi İşxan Saqatelyanın evində axtarış aparılır. 

“Cebheinfo.az” xəbər verir ki, Ermənistan İstintaq Komitəsinin yaydığı məlumatda belə deyilir. 

“Cinayət prosesi çərçivəsində istintaq və prosessual hərəkətlər həyata keçirilir”-deyə istintaq orqanından bildirlib. 

Qeyd edək ki, İşxan Saqatelyan “Daşnaksütyun” Erməni İnqilabi Federasiyasının Ermənistan üzrə rəhbəri və eks-prezident Robert Köçəryanın seçki qərargahının rəhbəri olub.  Eyni zamanda, Saqatelyan “Ermənistan” blokunun proporsional siyahısında Köçəryandan sonra ikinci yeri tutur.

Radikal baxışları ilə tanınan Saqatelyan Baş nazir Nikol Paşinyanı devirmək üçün çağırışlar edir. İyunun 7-də keçirlmiş parlament seçkilərində İşxan Saqatelyan Köçəryanla bərabər deputat mandatı qazanıb.

Çox güman ki, Robert Köçəryanla bərabər daşnakların liderinin də həbsinə hazırlıq gedir. Artıq Ermənistan Mərkəzi Seçki Komissiyası Robert Köçəryanın toxunulmazlığını ləğv edib və onun həbsinə razılıq verib.

Ehtimal olunur ki, yaxın günlərdə İşxan Saqatelyanın da barəsində analoji qərar çıxarılacaq. Məqsəd revanşist müxalifətin fəallarının parlamentdə iştirakının qarşısını almaqdır.

Nikol Paşinyan bu yaxınlarda verdiyi açıqlamada seçkidə rüşvət paylayan müxalifətçilərin kökünü kəsəcəyini deyib. Bununla da Paşinyan Rusiyadan idarə olunan Robert Köçəryana və “Güclü Ermənistan” partiyasının sədri Samvel Karapetyana işarə edib.

Samvel Karapetyanın müraciəti ilə seçkinin nəticələrinə etiraz aksiyalarının başlanmasından sonra həbslərin artacağı gözlənilir. Paşinyan parlamentdə 41 deputat yeri qazanmış Rusiyaya bağlı “5-ci kolon”un yeni hökumətin fəaliyyətinə ciddi maneələr yaradacağını bilir. 

Ona görə də revanşist müxalifət liderlərinin deputat toxunulmazlığından və mandatdan məhrum edilərək həbsə atılması hakimiyyətin mövqelərini möhkəmlətməyə hesablanmış preventiv tədbir kimi şərh oluna bilər. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”