Köhnə iş yerləri bağlanacaq: Yeniləri yaranacaq
Son illərdə texnologiyanın və xüsusilə də süni intellektin sürətli inkişafı əmək bazarında ciddi dəyişikliklərə səbəb olur.
Bir çox sahədə ənənəvi iş prosesləri avtomatlaşdırılır, rəqəmsal sistemlər insan əməyini əvəz etməyə başlayır və bu da həm imkanlar, həm də risklər yaradır.
Bu dəyişikliklər fonunda əmək bazarının gələcəyi ilə bağlı suallar daha da aktuallaşır. Avtomatlaşdırma işsizlik yaradır, yoxsa yeni iş imkanları açır və ən əsası, insanlar bu yeni dövrə necə uyğunlaşmalıdır?
Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı- ekspert Akif Nasirli “Cebheinfo.az”-a bildirib ki, texnologiyanın və süni intellektin sürətli inkişafı əmək bazarında mühüm dəyişikliklər yaradacaq:

“Təkrarlanan və rutin (eyni qaydada yerinə yetirilən) tapşırıqlara əsaslanan peşələr daha çox risk altına düşəcək. Məsələn, məlumatların daxil edilməsi, sadə mühasibat əməliyyatları, kassirlik və bəzi inzibati işlər avtomatlaşdırıla bilər. Bununla yanaşı, texnologiya insan əməyini tam əvəz etməkdən daha çox onun xarakterini dəyişdirəcək.
Avtomatlaşdırma bəzi iş yerlərinin azalmasına səbəb olsa da, eyni zamanda yeni peşələrin yaranmasına da şərait yaradacaq. Süni intellekt mütəxəssisləri, məlumat analitikləri, kibertəhlükəsizlik ekspertləri, robot texnikası mühəndisləri və rəqəmsal məhsul menecerləri kimi sahələrə tələbat artacaq.
Tarix göstərir ki, texnoloji yeniliklər köhnə peşələrin bir hissəsini aradan qaldırsa da, yeni iş imkanları da yaradır. Gələcəkdə işini qorumaq və uğur qazanmaq istəyən insanlar davamlı öyrənmə vərdişinə sahib olmalıdırlar.
Rəqəmsal savadlılıq, problem həll etmə bacarığı, tənqidi düşüncə, yaradıcılıq, ünsiyyət və komanda ilə işləmək kimi bacarıqlar daha da əhəmiyyətli olacaq”.
Ekspert qeyd edir ki, bundan əlavə, yeni texnologiyalara uyğunlaşmaq və dəyişikliklərə çevik reaksiya vermək əmək bazarında rəqabət üstünlüyü qazandıracaq.
Aişə Abdulova
“Cebheinfo.az”

