ÜST-ün baş direktoru hantavirus təhlükəsindən danışdı
Ümümdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus “MV Hondius” adlı sərnişin gəmisində yayılan hantavirus ilə bağlı son vəziyyəti açıqlayıb.
"Cebheinfo.az" xəbər verir ki, Qebreyesus epidemiyanın sona çatmaq üzrə olduğunu bildirərək, gəmi kapitanı və heyətin böyük hissəsinin karantin müddətini başa vurduğunu qeyd edib.
Xəstələnən şəxslərlə təmasda olmuş 33 ölkə və bölgədə 600-dən çox insanın izlənildiyini deyən Qebreyesus, həmin şəxslərin 80 faizindən çoxunun 42 günlük müşahidə müddətini tamamladığını vurğulayıb.
O, yoluxma sayında artımın dayanmasına diqqət çəkərək, “Yoluxma sayı 3 ölüm daxil olmaqla 13-də sabit qalıb. Bu epidemiyanı bitirməyə yaxınlaşırıq” ifadələrini işlədib.
Qebreyesus həmçinin sərnişinlərin təhlükəsizliyinin təmin edilməsində göstərdikləri rəhbərliyə görə kapitan Yan Dobroqovskiyə və gəmi heyətinə təşəkkür edib.
ÜST rəhbəri epidemiyaya qarşı mübarizədə göstərdikləri dəstəyə görə İspaniya, Niderland, Yaşıl Burun Adaları, Cənubi Afrika və İngiltərəyə də minnətdarlığını bildirib.
Nigar Hacılı
"Cebheinfo.az"

