TRİPP "3+3"-ü arxa plana atdı

TRİPP "3+3"-ü arxa plana atdı

Son dövrlərdə Cənubi Qafqaz regionuna Avropa İttifaqı, ABŞ və Fransa kimi beynəlxalq güclərin marağı və fəallığı nəzərəçarpacaq şəkildə artıb.

Xüsusilə ABŞ-nin mövqeyini gücləndirən TRİPP layihəsi Qərbin regionda möhkəmlənmək cəhdlərinin bariz nümunəsidir. Qərbin bu regiona daxil olması, həmçinin regional nəqliyyat-kommunikasiya xətləri ətrafında gedən proseslər Rusiya və İranın ciddi narahatlığına səbəb olur.

Halbuki İkinci Qarabağ müharibəsindən sonra region dövlətlərinin iştirakı ilə fərqli bir əməkdaşlıq mexanizmi formalaşmağa başlamışdı. 

Rusiya, Türkiyə, İran, Azərbaycan, Gürcüstan və Ermənistanı birləşdirən "3+3" formatı bir zamanlar olduqca aktual idi və sözügedən ölkələrin dövlət rəsmilərinin görüşləri ilə pozitiv proseslər vəd edirdi.

Lakin bir müddət sonra, xüsusilə Ermənistanın Qərb və ABŞ ilə daha da yaxınlaşması bu dinamikanı kəskin şəkildə dəyişdi. Qərbin regiona nüfuz etməsi nəticəsində regiondaxili dialoq platforması olan "3+3" formatı tədricən arxa plana keçərək gündəmdən düşdü.

Hazırkı mürəkkəb geosiyasi reallıqda isə böyük güclərin toqquşan maraqları fonunda bu formatın yenidən gündəmə gəlməsi və aktuallığını bərpa etməsi ciddi sual doğurur.

Məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli “Cebheinfo.az”-a şərhində qeyd edib ki, “3+3” formatı Cənubi Qafqaz üçün xüsusi əhəmiyyət kəsb edən bir platforma ola bilərdi:

“Bu məsələnin gündəmə gəldiyi ilk zamanlarda belə bir format Cənubi Qafqazın ümumi problemlərinin müzakirə olunmasına və həll olunmasına yönələn bir mexanizm kimi qiymətləndirilirdi.

Ancaq Cənubi Qafqazda vəziyyət dəyişdiqcə fərqli istiqamətlər üzrə yeni geosiyasi, geoiqtisadi və geostrateji layihələrinin reallaşdırılmasına ehtiyac yarandı. Üstəlik, sözügedən layihələrin reallaşdırılması prosesində həm region ətrafı, həm də qlobal güc mərkəzlərin maraqları kəskin şəkildə toqquşur.

Məsələ burasındadır ki, hazırda Cənubi Qafqazda iki önəmli proses gedir və bu iki proses də çox önəmlidir. Birincisi, Azərbaycan ilə Ermənistan arasında yekun sülh sazişinin imzalanması məsələsidir.

Belə bir sazişin imzalanması həm Azərbaycan, həm də Ermənistanın maraqları üçün, eyni zamanda bu, Qərb ölkələri üçün də geosiyasi və geoiqtisadi apsektlər baxımından sərfəlidir. Amma Rusiya və İran üçün bu sazişin imzalanması sərfəli deyil.

İkincisi, ABŞ-nin Cənubi Qafqazı Mərkəzi Asiya ilə birləşdirən TRİPP layihəsidir. Bu dəhliz ABŞ-nin maraqları çərçivəsindədir. ABŞ-nin layihəsi Azərbaycan və Ermənistanın da maraqlarına cavab verir.

Rusiya və İran isə bu layihəninin həyata keçirilməsində maraqlı deyil və layihəyə qarşı müqavimət göstərirlər. Göründüyü kimi, “3+3” formatı arxa plana, TRİPP layihəsi isə ön plana keçib. Təbii ki, belə bir layihə ABŞ və Qərbin Cənubi Qafqazda möhkəmlənməsi üçün vacib bir mexanizmdir.

Eyni zamanda, TRİPP layihəsi Cənubi Qafqazı daha fərqli istiqamətlərə yönəldir. Məhz bu səbəbdən regionda Rusiya və İranın maraqlarına zidd olan bir vəziyyətin yarandığı bir şəraitdə “3+3” formatının yenidən canlanması qeyri-real görünür”.

Yunis Abdullayev 
“Cebheinfo.az”