Trampdan sensasion açıqlama: "İran nüvə yoxlamalarına razılaşdı"

Trampdan sensasion açıqlama: "İran nüvə yoxlamalarına razılaşdı"

ABŞ Prezidenti Donald Tramp İsveçrədə keçirilən ilk 18 saatlıq danışıqlardan sonra diqqətçəkən açıqlamalar verib.

“Cebheinfo.az” xəbər verir ki, Tramp bununla bağlı özünün "Truth Social" sosial media platformasında paylaşım edib. O, İranın uzunmüddətli və yüksək səviyyəli nüvə yoxlamalarına razılıq verdiyini açıqlayıb.

Tramp paylaşımında "İran gələcəkdə qeyri-müəyyən müddətə yüksək səviyyəli nüvə yoxlamalarına tam razılıq verib. Bu, nüvə təhlükəsizliyini təmin edəcək. Əgər onlar razılığa gəlməsəydilər, başqa danışıqlar baş tutmayacaqdı", - deyə bildirib.

Bu açıqlama son həftələrdə İsveçrədə keçirilən ABŞ-İran danışıqlarından sonra səsləndirilib. ABŞ administrasiyası İranın Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) müfəttişlərini yenidən qəbul etməsini diplomatik prosesin ən vacib mərhələlərindən biri hesab edir.

Tramp, həmçinin dünyanın enerji təchizatı baxımından strateji əhəmiyyət daşıyan Hörmüz boğazı ilə bağlı mühüm mesajlar verib. ABŞ Prezidenti İranla əldə olunan razılaşmaya əsasən, boğazın açıq qalmasına icazə veriləcəyini və yeni dəniz blokadasının tətbiq edilməyəcəyini bildirib.

Bununla yanaşı, o, ABŞ Hərbi Dəniz Qüvvələrinin bölgədəki mövcudluğunu qoruyub saxlayacağını və zərurət yaranacağı təqdirdə blokadanın yenidən tətbiq oluna biləcəyini vurğulayıb. ABŞ və İran arasında imzalanan müqavilənin ən mühüm məqamlarından biri də Hörmüz boğazının beynəlxalq ticarət və enerji daşımaları üçün yenidən açılması hesab olunur.

Trampın açıqlamalarında diqqə çəkən digər məqamlardan biri isə İranı hədəf alan maliyyə mexanizmləri olub. O bildirib ki, ABŞ Maliyyə Nazirliyi tərəfindən ayrılacaq vəsaitlər birbaşa İrana verilməyəcək. Əvəzində həmin vəsaitlər ABŞ-nin nəzarəti altında olan depozit hesablarında saxlanılacaq və yalnız ərzaq məhsulları ilə tibbi ləvazimatların alınmasına sərf ediləcək.

Tramp xüsusilə vurğulayıb ki, bu vəsaitlər Amerika fermerlərindən qarğıdalı, buğda və soya məhsullarının alınması üçün istifadə olunacaq. Trampın açıqlamalarına baxmayaraq, İran Xarici İşlər Nazirliyi nüvə obyektlərinin yoxlanılmasının ölkənin milli təhlükəsizlik mexanizmlərinin və parlamentinin təsdiqindən asılı olduğunu bildirib.

Həmçinin qeyd olunub ki, hücumlar zamanı zərər görmüş bəzi obyektlərin yoxlama üçün açılıb-açılmayacağı hələlik məlum deyil.

Əfsanə

"Cebheinfo.az"