Paşinyan düyməyə basdı: Azərbaycanın son tələbi də yerinə yetirilir

Paşinyan düyməyə basdı: Azərbaycanın son tələbi də yerinə yetirilir

Ermənistan hakimiyyəti Seçki Məcəlləsinə və referendumlar haqqında qanunvericiliyə dəyişikliklər təşəbbüsü ilə çıxış edib. 

Dəyişikliklər konstitusiya referendumunun keçirilməsini asanlaşdırmaq məqsədi daşıyır. Baş nazir Nikol Paşinyanın “Vətəndaş Müqaviləsi” Partiyası parlament seçkilərində konstitusion çoxluğu qazana bilmədiyinə görə ali qanunun yeni mətnini ümumxalq səsverməsinə çıxara bilmir. 

Yəni hakim partiya iyunun 7-də keçirilmiş parlament seçkilərində 64 deputat yeri əldə etdiyindən konstitusiya layihəsini referenduma çıxarmaq üçün 6 səsi çatmır. 

Yəni mütləq konstitusiya çoxluğuna malik olmaq üçün Paşinyanın partiyasına ən azı 70 mandat lazımdır. Müxalifət isə mövcud konstitusiyanın dəyişilməsinin qəti əleyhinədir.

Ona görə də Ermənistan hakimiyyəti alternativ vasitə kimi qanunvericiliyə düzəlişlər etməyi qərara alıb. Yeni təkliflərə görə, son 365 gün ərzində Ermənistanda ən azı 183 gün yaşayan vətəndaşlar seçkilərdə və referendumlarda səs verə bilər. 

Qanuna edilən düzəlişdən sonra hakimiyyət orqanlarının 300 min vətəndaşın imzasını toplayaraq birbaşa referendum təşəbbüsü ilə çıxış edəcəyi gözlənilir. Hakimiyyətin bu addımı müxalifətin tənqidinə səbəb olub. Dəyişikliyə qarşı çıxanlar hesab edirlər ki, Ermənistan Konstitusiyasının 48-ci maddəsi pozulub. 

Belə ki, qeyd edilən maddəyə görə, 18 yaşı tamam olmuş bütün Ermənistan vətəndaşları referendumda və seçkilərdə səs vermək hüququna malikdir. Lakin Paşinyan qanunvericiliyi dəyişməklə xaricdə yaşayan 500 min nəfərə yaxın Ermənistan vətəndaşını referendumda iştirak hüququndan məhrum edir. 

Yəni Paşinyan parlament seçkilərində olduğu kimi, Rusiyada və Qərb ölkələrində yaşayan erməni diasporunun nümayəndələrinin kütləvi Ermənistana axın edərək səsvermənin nəticələrinə təsir etmək imkanlarını məhdudlaşdırıb. 

Ekspertlər hesab edirlər ki, Ermənistan Konstitusiyasının 207-ci maddəsinə əsasən, referenduma təqdim edilən aktın qəbul edilməsi üçün səsvermə hüququ olan vətəndaşların ən azı dörddə biri onun lehinə səs verməlidir. 

Lakin Ermənistan hakimiyyəti seçici bazasının azaldılması ilə səsvermə hüququ olan əhalinin 25 faizinin dəstəyi ilə istənilən nəticəni təmin edə biləcək. Yəni Paşinyan hökuməti konstitusiyaya dəyişiklik edilməsi ilə bağlı referendumun keçirilməsi qaydalarını sadələşdirməklə məqsədinə çatacaq. 

“Vətəndaş Müqaviləsi” Partiyası cəmi 64 mandata sahib olmasına baxmayaraq, 2026-cı ildə referendum keçirməyə və Ermənistanın yeni konstitusiyasının qəbuluna nail ola bilər.

Parlamentdə səs çoxluğunun Paşinyanın xeyrinə olması ona referendumla bağlı qanunvericiliyə dəyişiklik etməyə imkan verir. Yeni konstitusiyanın qəbulu isə referendumdan sonra Azərbaycanla sülh müqaviləsinin imzalanmasını tamamilə reallaşdıracaq. 

Müşfiq Abdulla 
“Cebheinfo.az"