Böyük təsərrüfatın rəhbəri olmuş ekspert: “Azərbaycanlılar kollektiv əməyi sevmirlər”

Böyük təsərrüfatın rəhbəri olmuş ekspert: “Azərbaycanlılar kollektiv əməyi sevmirlər”

Ölkədə kənd təsərrüfatının inkişafı prioritet məsələlərdən biridir. 

Bu istiqamətdə son tədbirlərdən biri kimi “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” təsdiq edilib. 

Proqramın əsas istiqamətlərindən biri torpaq ehtiyatlarının səmərəli istifadəsidir. Bu məqsədlə kənd təsərrüfatı torpaqlarının parçalanmasının qarşısının alınması və torpaq konsolidasiyası mexanizmlərinin tətbiqi nəzərdə tutulur. 

Qeyd olunub ki, bu sahədə qanunvericilik dəyişiklikləri ilə hüquqi və institusional baza yaradılacaq, torpaqların birləşdirilməsi və səmərəli istifadəsi təmin ediləcək. 

Məsələ ilə bağlı Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Razi Nurullayev bildirib ki, pay torpaqlarının birləşdirilməsi məsələsi ilə bağlı cəmiyyətdə müəyyən narahatlıqlar var və bu başadüşüləndir: 

"Lakin qeyd etmək istəyirəm ki, pay torpaqları əhalidən alınmayacaq və vətəndaşların mülkiyyət hüquqları qorunacaq. Torpaq konsolidasiyası dedikdə məqsəd torpaqların əlindən alınması yox, əksinə, bir fermerə məxsus müxtəlif yerlərdə səpələnmiş torpaq sahələrinin daha səmərəli idarə olunması üçün bir məkanda cəmləşdirilməsidir. 

Bu gün elə fermerlər var ki, onların pay torpaqları onlarla fərqli sahədə yerləşir. Bu isə həm vaxt itkisinə, həm də məhsuldarlığın aşağı düşməsinə səbəb olur. Konsolidasiya prosesi qarşılıqlı razılaşmalar, müzakirələr və torpaq sahələrinin dəyişdirilməsi yolu ilə həyata keçiriləcək. Düzgün yanaşma ilə həm fermerlərin işini asanlaşdıracaq, həm də kənd təsərrüfatında səmərəliliyin artmasına ciddi töhfə verəcək".

Torpaq konsolidasiyası mexanizmlərinin tətbiqi fermer təsərrüfatlarının inkişafı, məhsuldarlığın artmasında hansı rolu oynaya bilər? 

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərərmli “Cebheinfo.az”-a açıqlamasında kiçik torpaqların birləşdirilməsi ideyasını irəli sürənlərin fikirləri ilə razılaşmadığını bildirib: “Birincisi, azərbaycanlıların psixologiyasını, adət-ənənəsini bilmək lazımdır. 

Ümumiyyətlə, azərbaycanlılar komanda formasında işləməyi, kollektiv əməyi sevmirlər. Onlar fərdi əməyə üstünlük verirlər. Mən bunun şahidi olmuşam. Şəmkir rayonunda böyük bir təsərrüfatın rəhbəri olmuşam. Sovet hökumətinin dağılmas kənd təsərrüfatında kollektiv təsərrüfatların, kolxozların, sovxozların dağılması ilə başladı. 

Rusiyada ilk fermer təsərrüfatını yaradanlardan birincisi mən olmuşam. İnsanlar kollektiv əməyi sevmirlər. Mümkün deyil ki, hər hansı məhsul istehsalı üçün insanlar eyni əmək sərf eləsin. Bu da onların arasında narazılıq yaradır və sonradan ciddi problemlərə gətirib çıxarır. 

Buna görə də ciddi düşünməliyik. Yəni əgər kəndlilər özləri birləşmək istəyirsə, onlara yardım etmək lazımdır ki, birləşib fəaliyyət göstərsinlər. Ancaq əgər məmur o təşəbbüsdə olursa, bu düzgün deyil. 

Məmur onların əvəzində məsuliyyət daşıya bilməz. Torpaq da onlarındır, istehsalla, məhsulun satışı ilə da onlar məşğul olacaq, gəliri bölməyi də onlar həyata keçirəcəklər”. 

Ekspert deyir ki, məsuliyyəti həmin sahəyə məsul olan, orada işləyən kəndlilərin üzərinə qoymaq lazımdır: 

“Mənim araşdırmalarım göstərir ki, kiçik təsərrüfatlarda, məsələn, Şəmkirin Sabirkənd kəndində ildə iki dəfə kartof istehsal edirlər. Orada məhsuldarlıq böyük təsərrüfatlardan daha yüksəkdir. Bu məsələyə çox ciddi yanaşmaq lazımdır. 

Azərbaycanlılar kollektiv oyunda belə, maraqlı deyil, nəinki kollektiv əməkdə. Məsələn, İsraildə belə bir təsərrüfat var, o xalq kollektiv əməyə üstünlük verdiyi üçün onlarda bu alınır. Bizdə də İsmayıllının İvanovka kəndində var, onlar milliyyətcə azərbaycanlı deyil, onlar da kollektiv əməyə üstünlük verib, alınıb. 

Ancaq Rusiyada ruslar kollektiv əməyə üstünlük vermirlər. Azərbaycanda da pay torpaqları ilə bağlı özləri təşəbbüs göstərməli və məsuliyyət daşımalıdırlar. Ancaq onu süni olaraq birləşdirmək yaxşı nəticə verməyəcək. Mən uzun illərdir deyirəm ki, imkan verin, insanlar kiçik sahələrdən daha çox məhsul əldə etsinlər”. 

Ekspertin sözlərinə görə, kəndlilərə verilən kiçik pay torpaqları o qədər də çox deyil: 

“Məsələn, Şəmkir rayonunun Düyərli kəndi var, orada da bölgü düzgün aparılmamışdı. Pay torpağının 70 sm eni, 400 metr uzunluğu var. Orada kənd təsərrüfatı məhsulu istehsalı ilə məşğul olmaq mümkün deyil. Ölkədə bir neçə bölgədə belə bölgü aparılıb, ancaq çoxluq təşkil eləmir. 

Həmin ərazidə bölgü yenidən aparılmalıdır. Kollektiv əməklə bağlı da bölgünü düzgün aparmaq mümkün deyil. Bir nəfər az, digəri çox işləyəcək, yaxud gəlir bölgüsündə narazılıq olacaq. Kiçik sahədə nəticə əldə edə bilməyən fermerlər öz aralarında razılığa gəlməlidirlər. 

Nə Kənd Təsərrüfatı Nazirliyi, yaxud yerlərdə Aqrar İnkişaf Mərkəzlərinin nümayəndələri təşəbbüs göstərə bilərlər. Məsuliyyət kəndlinin boynundadır. Əgər bölgü vaxtında düzgün aparılmayıbsa, onlar yenidən qərar qəbul etməlidirlər ki, biz torpağımızın yenidən bölgüsünü istəyirik. Bunun üçün bir komissiya yaradın, yaxud özümüz yaradaq. 

Elə qərar qəbul edilsin ki, hamı o pay torpağından istifadə edə bilsin. Məqsəd odur ki, kəndlinin istehsalda marağı olsun. Əgər bir kəndlinin üzv olduğu kooperativdə narazılığı olacaqsa, heç onu təşkil etməyə ehtiyac yoxdur. 

Kəndlinin özünə imkan yaradılmalıdır ki, qərar qəbul etsin. Mənim fikrimcə, pay torpaqlarının birləşdirilməsi yaxşı nəticə verməyəcək. Biz o mərhələni keçmişik. Kollektiv təsərrüfatda insanların hamısı yaradıcı deyil. Hamını eyni qaydada işlətmək mümkün deyil”.

Həmsöhbətimizin sözlərinə görə, Azərbaycanda problem istehsal vasitələrinin təminatındadır: 

“Su olsa, ölkəyə keyfiyyətli gübrə, texnika gətirilsə, kəndlilər, fermerlər maarifləndirilsə, Azərbaycanda il ərzində 2-3 dəfə məhsul əldə etmək olar. 

Ümumiyyətlə, dünyada 4 ölkə eyni torpaq-iqlim şəraitinə malikdir ki, onlar İtaliya, İspaniya, Türkiyə və Azərbaycandır. Sadəcə bir təşkilatçı olaraq bu işi elə həyata keçirməliyik ki, yaxşı nəticə əldə edək”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”