Türkmənistan Hindistan bazarına açılır
Mərkəzi Asiyanın təbii qaz nəhəngi Aşqabad uzun illərdir təxirə salınan TAPI (Türkmənistan- Əfqanıstan-Pakistan-Hindistan qaz boru xəti) təbii qaz kəməri layihəsində kritik mərhələyə çatıb.
Əfqanıstan ərazisində tikinti işləri sürətlənsə də, bölgədəki geosiyasi risklər və Talibanın beynəlxalq təcridi layihənin qarşısındakı ən böyük maneələr olaraq qalır.
"Cebheinfo.az" xəbər verir ki, Türkmənistanın Sərhətabad (keçmiş Kuşka) şəhərindən Əfqanıstanın Herat şəhərinə uzanan 153 kilometrlik strateji marşrutda tikinti işləri intensiv şəkildə davam edir.
Türkmən rəsmilərinin məlumatına görə, Əfqanıstan tərəfində 700-dən çox mütəxəssis və 250-dən artıq texnika gecə-gündüz fəaliyyət göstərir. Layihənin ümumi marşrutu Türkmənistandakı Galkınış qaz yatağından başlayaraq Əfqanıstan və Pakistan üzərindən Hindistan sərhədinə qədər uzanan təxminən 1.800 kilometrlik kəmər kimi nəzərdə tutulub.
İllik 33 milyard kubmetr qaz nəql etmək gücünə malik olması planlaşdırılan TAPI layihəsi Türkmənistan üçün Çindən asılılığı azaltmağa imkan verəcək yeni ixrac marşrutudur.
Əfqanıstan üçün tranzit gəlirləri, məşğulluq və beynəlxalq səviyyədə legitimlik qazanmaq imkanıdır. Pakistan və Hindistan üçün enerji təchizatının təhlükəsizliyinə töhfədir. Layihə ilə bağlı ən böyük sual təhlükəsizlik məsələsidir.
“Taliban”ın nəzarətində olan Əfqanıstanda qaz kəmərinin mühafizəsi həyati əhəmiyyət daşıyır. Bu məqsədlə Aşqabad marşrut boyunca artıq 107 kilometrlik patrul yolu inşa edib.
Lakin ekspertlər xəbərdarlıq edirlər ki, “Taliban” ölkə ərazisində tam və mütləq nəzarətə malik deyil və müxtəlif silahlı qruplar tərəfindən mümkün hücumlar layihə üçün risk yaratmağa davam edir.
Nigar Hacılı
"Cebheinfo.az"

