Türkmənistanın TDT-yə üzvlüyü: “Yeni imkanlar pəncərəsi açar”
Məlum olduğu kimi, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycanda dövlət səfərində olub.
Səfər çərçivəsində keçirilən görüşlər və imzalanan sənədlər iki ölkə arasında münasibətlərin inkişafında yeni mərhələnin əsasını qoyub.
"Cebheinfo.az"-a danışan Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, Türkmənistan Respublikasının Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri həm ikitərəfli, həm də çoxtərəfli münasibətlərimizin tarixində yeni bir səhifə olacaq.

O qeyd edib ki, bu qənaətə gəlməyimizi şərtləndirən konkret səbəblər var: “İlk növbədə, səfər çərçivəsində 12 strateji əhəmiyyətli sənədin imzalanması iki dövlət arasında formalaşmış hüquqi-normativ bazanı daha da möhkəmləndirdi.
Xüsusilə sənaye, kənd təsərrüfatı, enerji, nəqliyyat və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutan bu razılaşmalar münasibətlərimizin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə gətirib çıxaracaq.
Nəzərə alsaq ki, 2017-ci ildə Azərbaycan və Türkmənistan arasında Strateji Tərəfdaşlıq haqqında sənəd imzalanıb, bu, fundamental məsələlərdə eyni mövqedən çıxış etdiyimizi təsdiqləyir.
İkinci Qarabağ müharibəsi və ondan sonrakı mərhələdə də Türkmənistan Azərbaycan dövləti ilə üst-üstə düşən mövqe nümayiş etdirib.
Həmçinin nəzərə alsaq ki, 2025-ci ildə Türkmənistan dövləti işğaldan azad olunmuş Füzuli şəhərində məscid tikintisi ilə bağlı təşəbbüslə çıxış edib və bu gün həmin məscidin inşası davam edir, bu da əlaqələrimizin yüksək səviyyəsinin bariz ifadəsidir”.
Deputat əlavə edib ki, humanitar əlaqələrin inkişafı Azərbaycan-Türkmənistan dostluğunu möhkəmləndirir:
“Azərbaycan Prezidenti cənab İlham Əliyev də Azərbaycan Gəmiqayırma Zavodunda inşa edilmiş "Dostluq" neftdaşıyan tankerini Türkmənistana hədiyyə etdi.
Bu da onu göstərir ki, biz həqiqətən qardaşlıq və dostluq münasibətlərinə malikik. Sevindirici haldır ki, iki dövlət arasında münasibətlər həm siyasi dialoq, həm iqtisadi əlaqələr, eyni zamanda humanitar sahələrdə də dinamik inkişaf tempinə malikdir.
Nəzərə alsaq ki, 2026-cı ilin yanvar-aprel ayları ərzində Azərbaycandan Türkmənistana 17 milyon ABŞ dolları həcmində mallar ixrac edilib, Türkmənistandan isə Azərbaycana həmin müddətdə 13 milyon dollarlıq məhsul daxil olub, bu, iqtisadi əlaqələrimizin geniş imkan və perspektivlərə malik olduğunu göstərir.
İyun ayının əvvəlində Türkmənistanın paytaxtında Azərbaycan Mədəniyyət Günləri keçirildi. Eyni zamanda, ötən illərdə Bakı və Gəncədə də Türkmənistan Mədəniyyət Günləri təşkil olunmuşdu. Bu da humanitar sahədə əlaqələrimizin inkişaf tempindən xəbər verir.
Nəzərə alsaq ki, hər iki ölkə enerji potensialı baxımından böyük imkanlara malikdir, əməkdaşlığın bu istiqamətdə də geniş perspektivləri var. Türkmənistan qaz ehtiyatlarına görə dünyada Rusiya, İran və Qətərdən sonra dördüncü yerdə qərarlaşır.
Ölkə təxminən 20 trilyon kubmetr qaz ehtiyatına malikdir ki, bu da olduqca böyük göstəricidir. Bu sahədə həm ənənəvi, həm də qeyri-ənənəvi, yəni yaşıl enerji istiqamətində Azərbaycanla əməkdaşlığın çox geniş potensialı var və bu potensialdan istifadə olunur”.
Elman Nəsirovun sözlərinə görə, Türkmənistan Prezidentinin ölkəmizə səfəri çərçivəsində işğaldan azad olunmuş Füzuli rayonunda olması bir daha ölkələrimizi ciddi mənəvi tellərin bağladığını göstərir:
“Biz eyni kökün, eyni mədəniyyətin, eyni dilin və dinin daşıyıcılarıyıq. Qarabağın bərpası prosesinə qardaş Qazaxıstan, Özbəkistan və Qırğızıstanla yanaşı, Türkmənistan da öz töhfəsini verməkdədir. Eyni zamanda, əməkdaşlığımız Türk Dövlətləri Təşkilatı çərçivəsində də inkişaf edir.
Hələlik Türkmənistan bu qurumda müşahidəçi statusundadır. Lakin belə səfərlər, görüşlər, aparılan müzakirələr, əldə olunan razılaşmalar, imzalanan sənədlər, xüsusilə də Azərbaycan və Türkmənistan prezidentlərinin imzaladığı Birgə Bəyanat nəticə etibarilə təkcə ikitərəfli münasibətlərimizi keyfiyyətcə yeni mərhələyə qaldırmır, eyni zamanda, Türkmənistanın Türk Dövlətləri Təşkilatına tamhüquqlu üzv olması üçün yeni imkanlar pəncərəsi açır. Bu isə səfərin əhəmiyyətini artıran əsas məqamlardan biridir”.
Əfsanə Rəcəb
“Cebheinfo.az”

