Süni intellekti özünə vəkil tutdu: Qalib gəldi

Süni intellekti özünə vəkil tutdu: Qalib gəldi

Süni intellekt əsaslı bir hüquq şirkəti Britaniya məhkəməsində iddia qaldıraraq qələbə qazandı.

Bu işin süni intellektli vəkil vasitəsilə qazanılan ilk məhkəmə işi olduğu güman edilir.

"Cebheinfo.az" xəbər verir ki, frilans (sərbəst) insan resursları məsləhətçisi Tamires Camal Taquidir, ödənilməyən 7 min funt-sterlinqlik alacağını geri almaq məqsədilə əvvəlcə hüquqi xəbərdarlıq məktubunun göndərilməsi, daha sonra isə məhkəmə prosesinin başladılması üçün "Garfield AI" adlı şirkətə təxminən 400 funt-sterlinq ödəyib.

Keçən ilin aprel ayında Vəkillərin Tənzimlənməsi Qurumu (Solicitors Regulation Authority) tərəfindən lisenziyalaşdırılan və 30 funt-sterlinqdən 10 min funt-sterlinqə qədər olan iddialar üçün istifadə edilə bilən "Garfield" adlı tətbiq, iddia sənədini hazırlayıb, daha sonra isə müvəkkili məhkəmədə təmsil etmək üçün real bir vəkil işə götürüb.

Məhkəmə iclasından əvvəlki bütün hüquqi hazırlıq işlərini süni intellekt idarə edib. Bu prosesə vəkillərlə təmsil olunan cavabdeh tərəfin qarşılıqlı iddia tələbinə etiraz edilməsi də daxil idi.

Süni intellekt, 14 may tarixində "Wandsworth County Court"-da baş tutan üç saatlıq məhkəmə iclası üçün dörd şahid ifadəsi və bir sənəd qovluğu hazırlayıb.

Məhkəmə Taquidirin xeyrinə qərar çıxararaq borcun ödənilməsinə hökm edib.

Britaniya hüquq sektorunda bundan əvvəl süni intellekt səbəbindən bir sıra uğursuzluqlar və qalmaqallar yaşanmışdı. Keçən ay beynəlxalq hüquq şirkəti "Pinsent Masons", daxili süni intellekt sisteminin axtarış nəticələrinə əsaslanaraq məhkəməni iki dəfə çaşdırmasından sonra özü barəsində Vəkillərin Tənzimlənməsi Qurumuna hesabat təqdim etmişdi.

Nigar Hacılı 
"Cebheinfo.az"