Hökumət hərəkətə keçdi: Hava xəbərdarlığı
Belçikada isti hava dalğası səbəbindən Milli Böhran Mərkəzi toplanacaq.
"Cebheinfo.az" xəbər verir ki, Belçika Kral Meteorologiya İnstitutu (IRM) cümə axşamından etibarən ölkə üzrə “narıncı xəbərdarlıq” elan edib. Lüksemburq vilayətində isə xəbərdarlıq bu gündən qüvvəyə minib.
Əvvəllər xəbərdarlıq zonasına daxil edilməyən Şimal dənizi sahil xətti də narıncı xəbərdarlıq bölgəsinə əlavə olunub.
Çərşənbə və cümə axşamı günləri bəzi bölgələrdə havanın temperaturunun 37 dərəcəyədək yüksələcəyi açıqlanıb. İsti hava dalğasının cümə və şənbə günləri də təsirini davam etdirəcəyi bildirilib.
Xüsusilə yaşlılar, uşaqlar və xroniki xəstəlikləri olan şəxslərlə bağlı diqqətli olunması çağırışı edilib. Narıncı xəbərdarlıq müddətində vətəndaşlara bol maye qəbul etmələri, yüngül geyimlər geyinmələri, günün ən isti saatlarını sərin məkanlarda keçirmələri və evlərdə isti havanın içəri daxil olmaması üçün qapı-pəncərələri bağlı saxlamaları tövsiyə olunub.
Hökumət risklərə qarşı tədbir görmək məqsədilə Milli Böhran Mərkəzinin toplanacağını açıqlayıb.
Telefonlara “əlverişsiz hava şəraiti xəbərdarlığı” mesajları göndərilib. Bəzi məktəblər isə həddindən artıq istilərə görə həftə boyunca bağlanıb.
Dəmir yolu infrastrukturunun həddindən artıq istidən zərər görməsinin qarşısını almaq məqsədilə pik saatlarda bəzi qatar reysləri də ləğv edilib.
Nigar Hacılı
"Cebheinfo.az"

