Aİ Özbəkistanda miqrantlar üçün mərkəzlər yarada bilər
Avropa İttifaqında (Aİ) sığınacaq müraciəti qəbul edilməyən miqrantların yerləşdirilməsi üçün Ruanda və Özbəkistanda xüsusi mərkəzlərin yaradılması müzakirə olunur.
“Cebheinfo.az”ın “Politico” nəşrinə istinadən yaydığı məlumata görə, bu təşəbbüsü Avstriya, Yunanıstan, Almaniya, Danimarka və Niderland dəstəkləyir.
Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis bildirib ki, məqsəd 2026-cı ildə ilk razılaşmaları əldə etmək və mərkəzlərin 2027-ci ildən fəaliyyətə başlamasını təmin etməkdir.
Lakin Aİ ölkələri hələlik bu mərkəzlərin hansı ölkələrdə yaradılacağı ilə bağlı yekun qərar verməyib.Miqrantların Uqandaya göndərilməsi də müzakirə olunan variantlar arasındadır. Misir və Liviya isə Avropaya coğrafi yaxınlığı səbəbindən potensial seçimlər sırasında nəzərdən keçirilmir.
Məlumata görə, “qayıdış mərkəzləri”nin yaradılması Aİ-nin ümumi qərarı deyil, ayrı-ayrı üzv ölkələrin məsuliyyəti olacaq.
Təşəbbüsə Fransa və İspaniya qarşı çıxır. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Brüsseldəki nümayəndəsi isə Aİ-ni miqrasiya məsələsində “populist yanaşmalara” və yanlış məlumatlara əsaslanmaqda ittiham edib.
Daha əvvəl Danimarka və İtaliyanın sığınacaq müraciətləri rədd edilən şəxslər üçün Aİ-dən kənarda qəbul mərkəzlərinin yaradılması ilə bağlı təşəbbüs irəli sürdüyü bildirilmişdi. Bu təklifi isə Aİ üzv dövlətlərinin yarıdan çoxu dəstəkləyib.
Aişə Abdulova
“Cebheinfo.az”

