Bakıda 4 500, Parisdə 345 manat: Təhsil harada daha ucuz və keyfiyyətlidir?
Son illər Azərbaycanda ali təhsilin maliyyələşdirilməsi və təhsil haqları ilə bağlı müzakirələr genişlənib.
Elm və təhsil naziri Emin Əmrullayev təhsil haqlarının bir sıra ölkələrlə müqayisədə daha aşağı olduğunu qeyd edib. Bu açıqlama təhsil sistemlərinin maliyyə modeli, universitetlərin gəlir imkanları və təhsilin keyfiyyəti məsələsini yenidən gündəmə gətirib.
Müxtəlif ölkələrdə ali təhsilin maliyyələşdirilməsi fərqli prinsiplərə əsaslanır. Bəzi Avropa ölkələrində dövlət universitetləri əsasən büdcə hesabına fəaliyyət göstərir, bəzi ölkələrdə isə tələbələr daha yüksək ödənişlər edirlər.
Azərbaycanda da həm dövlət sifarişi, həm də ödənişli əsaslarla təhsil modeli mövcuddur. Bu baxımdan, təhsil haqlarının digər ölkələrlə müqayisəsi və qiymətlərin təhsilin keyfiyyətinə təsiri müzakirə olunan əsas məsələlərdəndir.
Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, Azərbaycanda bir tələbənin təhsil haqqı digər ölkələrlə müqayisədə çox aşağıdır və təhsilin ucuz olması keyfiyyətin təmin edilməsini çətinləşdirir. Bu açıqlamadan sonra xüsusilə sosial şəbəkələrdə universitetlərdəki qiymətlərlə bağlı məlumatlar yayılır.
Müqayisəli şəkildə bildirilir ki, hüquq fakültəsi üzrə illik təhsil haqları Bakı Dövlət Universitetində 4 500 AZN, Vyana Universitetində 1 515 AZN, Sorbon Universitetində isə 345 AZN təşkil edir.
Təhsil eksperti Elçin Əfəndi “Cebheinfo.az”-a bildirib ki, elm və təhsil nazirinin qeyd etdiyi kimi, bəzi universitetlərdə təhsil haqları aşağıdır:
"Lakin elə ali təhsil müəssisələri də var ki, burada ödənişlər kifayət qədər yüksəkdir. Ali təhsil haqlarının müəyyənləşdirilməsi, universitetin təqdim etdiyi xidmətlərdən asılıdır. Burada təhsil verən müəllim və professor heyəti, eyni zamanda yaradılan infrastruktur, tələbələr üçün laboratoriya şəraiti, idman meydançaları, yataqxana, bufet, kitabxana və digər imkanlar nəzərə alınır. Bu amillər təhsil haqlarına da təsir göstərir.
Amma bizim bütün ali təhsil müəssisələrimizdə bu imkanlar mövcud deyil. Buna görə də hazırkı vəziyyətdə təhsil haqlarının yüksək olması müzakirə mövzusudur. Əgər təhsil haqqı artırılırsa, buna uyğun xidmətlər də mütləq şəkildə təqdim olunmalıdır".
Ekspert qeyd edib ki, MDB məkanına daxil olan, qonşu ölkələr, xüsusilə Türkiyə nümunə kimi götürülə bilər:
"Lakin ümumilikdə təhsil haqlarının artırılmasının avtomatik olaraq təhsilin keyfiyyətini yüksəldəcəyini demək olmaz. Bu məsələdə digər ölkələrin təcrübəsinə baxmaq olar. Məsələn, Türkiyə, Avropa ölkələrinin bəzi universitetləri və ABŞ-dəki ali təhsil müəssisələrində universitetlər əlavə gəlir mənbələri yaradırlar.
Müxtəlif layihələr, araşdırmalar və istehsalat fəaliyyəti nəticəsində əldə olunan gəlirlər həm universitetin büdcəsinə daxil olur, həm də tələbələrin imkanlarının yaxşılaşdırılmasına yönəldilir”.
Ekspert qeyd edib ki, bu mexanizmlərin tətbiqi universitetlərin maliyyə imkanlarının artırılmasına və keyfiyyətin yüksəldilməsinə töhfə verə bilər:
"Lakin təhsil haqları artırılırsa, bunun qarşılığında tələbələrə daha keyfiyyətli təhsil və müasir imkanlar təqdim edilməlidir".
Aişə Abdulova
“Cebheinfo.az”

