Sədrlik Azərbaycana keçdi: Yeni dövr başlayır
İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Parlament İttifaqına sədrlik İndoneziyadan Azərbaycana keçib.
Sədrliyin təhvil verilməsi İƏT-ə üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasının rəsmi açılış mərasimində baş tutub.
Qeyd edək ki, 40-dan çox ölkənin parlament nümayəndə heyəti, 10-dan çox ölkə spikeri və 10 beynəlxalq təşkilatın nümayəndələrinin qatıldığı sessiyada "Parlament əməkdaşlığı vasitəsilə İƏT üzvü olan dövlətlərdə dayanıqlı və inklüziv iqtisadi inkişafın təşviqi" mövzusunda müzakirələr aparılacaq. Tədbirdə 400-dən artıq nümayəndə iştirak edir.
Tədbir çərçivəsində təşkilatın Baş Komitəsinin, İcraedici komitəsinin, Baş Katiblər Assosiasiyasının, Siyasi məsələlər və beynəlxalq əlaqələr, İqtisadi məsələlər və ətraf mühit, Hüquqi və mədəni, sivilizasiyalar və dinlərarası dialoq məsələləri, İnsan hüquqları, qadın və ailə məsələləri komitələrinin, həmçinin qurumun digər strukturlarının iclasları keçiriləcək, gündəlikdəki sənədlərə münasibət bildiriləcək.
Sessiya iyunun 25-də başa çatacaq.İƏT Parlament İttifaqına sədrliyin Azərbaycana keçməsi ölkəmiz üçün hansı imkanlar yaradır?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının sədri, deputat Arzuxan Əlizadə bildirib ki, sədrliyin Azərbaycana keçməsi ölkəmizin beynəlxalq platformalarda fəal iştirakının göstəricilərindən biridir:

“İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Parlament İttifaqına sədrliyin Azərbaycana keçməsi ölkəmizin beynəlxalq və parlament diplomatiyası baxımından mühüm uğurlarından biri kimi qiymətləndirilə bilər.
Bu, Azərbaycanın təkcə regional deyil, həm də İslam dünyasında etibarlı tərəfdaş və təşəbbüskar dövlət kimi qəbul olunduğunu göstərir.
Son illər ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq tədbirlər, həyata keçirdiyi diplomatik təşəbbüslər və çoxtərəfli əməkdaşlıq platformalarında fəal iştirakı Azərbaycanın nüfuzunu əhəmiyyətli dərəcədə artırıb.
Məhz bu etimadın nəticəsidir ki, İƏT Parlament İttifaqı kimi nüfuzlu quruma rəhbərlik Azərbaycana həvalə olunub. Sədrlik dövrü Azərbaycana İslam dünyasını maraqlandıran aktual məsələlərin müzakirəsində daha fəal rol oynamaq, üzv dövlətlər arasında parlament əməkdaşlığını gücləndirmək və ortaq təşəbbüslərin formalaşdırılmasına töhfə vermək imkanı yaradacaq.
Eyni zamanda, ölkəmiz öz prioritetlərini, o cümlədən beynəlxalq hüququn aliliyi, davamlı inkişaf, humanitar əməkdaşlıq və sülh gündəliyini daha geniş auditoriyaya çatdırmaq imkanı əldə edəcək”.
Deputat qeyd edib ki, bu sədrliyin Azərbaycanın beynəlxalq nüfuzuna təsiri də əhəmiyyətli olacaq:
“Azərbaycanın İslam dünyasında həmrəyliyin möhkəmləndirilməsi, mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi istiqamətində fəaliyyəti daha da görünən xarakter alacaq.
Bundan əlavə, ölkəmiz İƏT məkanında siyasi və iqtisadi əməkdaşlığın dərinləşdirilməsi prosesində aparıcı aktorlardan biri kimi mövqeyini gücləndirəcək.
Bütövlükdə, bu sədrlik Azərbaycanın xarici siyasət uğurlarının növbəti göstəricisi olmaqla yanaşı, ölkənin İslam dünyasında nüfuzunun və təsir imkanlarının daha da artmasına xidmət edəcək”.
Gülər Həsənli
“Cebheinfo.az”

