Ukrayna Krasnodarda neft bazasına zərbə endirib

Ukrayna Krasnodarda neft bazasına zərbə endirib

Ukrayna pilotsuz uçuş aparatları iyunun 25-nə keçən gecə Rusiyanın Krasnodar diyarındakı Poltava neft bazasına zərbə endirib. 

“Cebheinfo.az” xəbər verir ki, Kuban operativ qərargahının yaydığı məlumatda belə deyilir. 

“PUA-nın qalıqlarının düşməsi nəticəsində neft anbarının ərazisində yanğın baş verib. İlkin məlumata görə, xəsarət alan yoxdur. Hadisə yerində təcili yardım və xüsusi xidmət orqanları işləyir.

Hadisə ilə əlaqədar olaraq, Poltavskaya kəndindən Trudobelikovski kəndinə gedən yolda nəqliyyatın hərəkəti müvəqqəti olaraq bağlanıb”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, Poltava neft anbarı regional yanacaq infrastrukturu obyektidir. Bu anbar Krasnodar diyarının və Adıgey Respublikasının bəzi yerlərini benzin və dizel yanacağı ilə təmin edir. 

Bazanın anbar parkında 28 çən yerləşir. Ukraynanın “Exilenova+” monitorinq kanalının məlumatına görə, pilotsuz təyyarənin hücumundan sonra üç saxlama çəni yanıb. Bu, son bir ayda neft anbarına edilən üçüncü hücumdur. 

Bu müəssisə iyunun 6-da və 16-da da Ukrayna PUA-larının hədəfinə çevrilib. Hər iki halda hücumlar böyük yanğına səbıb olsa da insan itkisi baş verməyib.
Həmçinin dünən gecə Ukrayna dronları işağl altında olan Krım yarımadasına  hücum edib. 

“Krımskiy veter” monitorinq kanalı yerli sakinlərə istinadən “Balaklava” və “Tavriçeskaya” istilik elektrik stansiyalarına, eləcə də “Kaça” aerodromuna zərbələr endirildiyini bildirib.

Simferopol, Yalta və Yevpatoriya yaxınlığındakı bir sıra şəhərlərdə gecə ərzində elektrik enerjisinin verilməsində qısamüddətli fasilələlər yaranıb.

Bundan başqa, Simferopolda bir neçə partlayış baş verib. “Exilenova+” kanalının məlumatına görə, Sevastopol da kütləvi dron hücumuna məruz qalıb.

Müşfiq Abdulla 
“Cebheinfo.az”