Deputatdan Şvabenin “təşəbbüs"ünə cavab: “Onlara alverçi adı yaraşır”

Deputatdan Şvabenin “təşəbbüs"ünə cavab: “Onlara alverçi adı yaraşır”

“Bəzi avropalı “siyasilər” müəyyən təkliflər müqabilində Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirməklə yanaşı, öz hərəkətləri ilə regionda dayanıqlı sülhün təmin olunmasına əngəl törədirlər”. 

Bu sözləri Milli Məclisin deputatı, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə “Cebheinfo.az”-a şərhində iyunun 24-də AŞPA-nın yay sessiyasında Almaniya nümayəndə heyətinin rəhbəri Frank Şvabenin Azərbaycanla bağı qərəzli məruzə və qətnamə layihəsi ilə bağlı fikirlərini bölüşərkən bildirib. 

Onun sözlərinə görə, Şvabenin AŞPA-da səsləndirdiyi fikirlərin heç bir əsası yoxdur:

“Frank Şvabenin AŞPA-da Azərbaycana qarşı çıxışı qərəzli yanaşması bunun növbəti bariz nümunəsidir. Onun tərəfindən AŞPA-nın müzakirəsinə qətnamə layihəsi də təqdim olunub. 

Təəssüf ki, adıçəkilən parlamentari uzun müddət regionda baş verən proseslərə obyektiv mövqe sərgiləmək əvəzinə, davamlı olaraq Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirir. Şvabenin istərsə əvvəl, istərsə də indi səsləndirdiyi fikirlər birmənalı olaraq mövcud reallıqlara deyil, siyasi streotiplərə və böhtanlara həsr olunur. 

Təkcə Şvabe deyil, həmçinin onun timsalında Avropa strukturlarında təmsil olunan “siyasilər” də Azərbaycana qarşı qərəzli və heç bir reallığa əsaslanmayan mövqe və yanaşma sərgiləyirlər”. 

A.Əlizadə bildirib ki, həmin parlamentarilər bir dəfə də olsun, öz torpaqlarından didərgin düşən azərbaycanlıların hüquqları barədə məsələ qaldırmayıblar:

“Azərbaycanın əraziləri 30 ildən artıq işğal altında olub. Özlərini demokratiyanın carçısı və insan hüquqlarının müdafiəçisi kimi cəmiyyətə sıramağa çalışan avropalı parlamentarilər və siyasilər bir dəfə də olsun Ermənistandan zorla deportasiya edilən, vaxtilə işğal altında olmuş torpaqlardan didərgin salınan azərbaycanlıların hüquqları barədə məsələ qaldırmayıblar, danışmayıblar və heç bir obyektiv mövqe sərgiləməyiblər. 

Bir dəfə də olsun Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini pisləməyiblər. Yalnız öz gücümüz hesabına ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etmişik. Bu gün Azərbaycan Ermənistanla sülh sazişinin imzalanması istiqamətində addımlar atır və regionda dayanıqlı sülhün, sabitliyin bərqərar olunması üçün təşəbbüslər irəli sürür. 

Ölkəmizin bu siyasəti hər kəs tərəfindən təqdirəlayiq hesab edilir. Ermənistan da başa düşür ki, Azərbaycanla normal münasibətlərin qurulması faydalıdır. Çox təəssüf ki, avropalı “siyasilər”- əslinə baxanda, onlara alverçi adı yaraşır- müəyyən təkliflər müqabilində Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirməklə yanaşı, öz hərəkətləri ilə regionda dayanıqlı sülhün təmin olunmasına əngəl olur və Ermənistanda revanşist qüvvələrə dəstək verirlər. Bütün bunlar yalnış addımlardır və ölkəmiz tərəfindən qətiyyətlə pislənir”. 

Sonda A.Əlizadə vurğulayıb ki, Şvabe və onun timsalında olan avropalı parlementarilər təmsil olunduqları AŞPA-nın obyektivliyini şübhə altına qoyurlar: 

“AŞPA və beynəlxalq təşkilatların əsas prinsipi qərəzsizlik və balanslı mövqe nümayiş etdirməkdir. Şvabe və onun kimilərinin hərəkətlərindən görürük ki, beynəlxalq norma və prinsiplərindən uzaq bir mövqe sərgilənir”. 

Yunis Abdullayev 
“Cebheinfo.az”