Ceyhun Bayramov Polşa XİN rəhbəri ilə müzakirə aparıb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Polşanın Qdansk şəhərində keçirilən Ukraynanın Bərpası Konfransı çərçivəsində Polşanın xarici işlər naziri Radoslav Sikorski ilə görüşüb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə XİN-in “X” hesabında bildirilib.
Tərəflər Azərbaycan–Polşa münasibətlərindəki müsbət dinamikanı alqışlayıb, ikitərəfli əlaqələrin möhkəmləndirilməsində müntəzəm siyasi dialoqun və yüksək səviyyəli qarşılıqlı səfərlərin vacibliyini vurğulayıblar.
Müzakirələr iqtisadi və humanitar əməkdaşlığın genişləndirilməsi, ticarət və investisiya əlaqələrinin artırılması məsələlərinə həsr olunub.
Ceyhun Bayramov qarşı tərəfi münaqişədən sonrakı dövrdə regionda baş verənlər, Azərbaycan–Ermənistan sülh prosesi, eləcə də Azərbaycanın azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri barədə məlumatlandırıb.
Nazirlər həmçinin qarşılıqlı maraq doğuran daha geniş regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
"Cebheinfo.az"


