Bank kartlarına etibarsızlıq: Müştəri pulunu nağd saxlasın?
Dünən ABB, AccessBank, ExpressBank, Yelo Bank və digər bankların bir sıra müştərilərinin kart hesablarından vəsaitlərin silinməsi ilə bağlı problem geniş narahatlığa səbəb olub.
Qısa müddətdə sosial şəbəkələrdə yayılan məlumatlar vətəndaşların bank sisteminə olan etimadını sarsıdıb və kart hesablarındakı vəsaitlərin təhlükəsizliyi ilə bağlı sualları artırıb. Əlaqədar qurumlar məsələ ilə bağlı açıqlamalarında hadisənin kibermüdaxilə deyil, texniki nasazlıq nəticəsində baş verdiyini bildiriblər.
Vəsaitlərin sonradan bərpa olunduğu qeyd edilsə də, yaşanan hadisə bank sektorunda risklərin idarə olunması və müştəri etimadının qorunması məsələlərini yenidən gündəmə gətirib.
Bank kartlarına etibarsızlığın artdığı bir dövrdə vətəndaşlar nə etməlidir?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında iqtisadçı-ekspert Əkrəm Həsənov bildirib ki, yaşanan problemlə bağlı bəzi vətəndaşlar vəsaitlərini bank sistemində saxlamaqla bağlı tərəddüd etməyə başlayırlar:

“Dünən bir sıra bank kartlarından vəsaitlərin silinməsi ilə bağlı problem yaşandı. Sonradan açıqlanan məlumatlara görə, silinən məbləğlər müştərilərin hesablarına geri qaytarılıb. Lakin hadisənin səbəbləri hələ də tam aydın deyil.
Hadisə bir daha göstərdi ki, ödəniş infrastrukturunun və informasiya təhlükəsizliyi sistemlərinin davamlı şəkildə təkmilləşdirilməsinə ehtiyac var.
Eyni zamanda, bu sahəyə nəzarət edən qurumların, xüsusilə də Mərkəzi Bankın monitorinq və nəzarət mexanizmlərinin daha da gücləndirilməsi vacibdir”.
Diqqətçəkən məqamlardan biri də odur ki, problem ayrı-ayrı banklarla deyil, ümumi ödəniş sisteminin fəaliyyətində yaranıb:
“Bu isə vətəndaşların hansı bankı seçməsindən asılı olmayaraq, oxşar risklərlə üzləşə biləcəyini göstərdi. Son illər bu kimi halların vaxtaşırı təkrarlanması insanların bank kartlarına və elektron ödəniş sistemlərinə olan etimadına mənfi təsir göstərir. Nəticədə bəzi vətəndaşlar vəsaitlərini bank sistemində saxlamaqla bağlı tərəddüd etməyə başlayırlar.
Buna görə də baş verən hadisənin səbəblərinin ictimaiyyətə şəffaf şəkildə açıqlanması və gələcəkdə oxşar problemlərin qarşısının alınması üçün konkret addımların atılması böyük əhəmiyyət daşıyır”. Ekspert qeyd edib ki, vətəndaşlar belə hallarda ilk növbədə kart hesablarındakı əməliyyatları mütəmadi yoxlamalıdır:
“Şübhəli silinmə və ya köçürmə aşkar etdikdə, dərhal bankla əlaqə saxlamalıdırlar. Həmçinin mobil bankçılıq tətbiqlərində əməliyyat bildirişlərinin aktiv olması vacibdir ki, hesabda baş verən dəyişikliklər barədə məlumat dərhal əldə edilsin.
Bununla yanaşı, vətəndaşların vəsaitlərinin təhlükəsizliyinin təmin edilməsi əsasən bankların və ödəniş sistemlərinin məsuliyyətidir.
Müştərilər təhlükəsizlik qaydalarına əməl etməli olsalar da, sistem xarakterli texniki nasazlıqların və ya kibertəhlükələrin qarşısının alınması maliyyə qurumlarının üzərinə düşən vəzifədir”.
Gülər Həsənli
“Cebheinfo.az”


