Amerika Erməni Milli Komitəsi sülh danışıqlarını pozur: Hamparyanın arxasındakı GÜC

Amerika Erməni Milli Komitəsi sülh danışıqlarını pozur: Hamparyanın arxasındakı GÜC

Amerika Erməni Milli Komitəsi Tramp administrasiyasının iştirakı ilə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına qarşı çıxıb. 

“Sülh çağırışları əsl və ədalətli sülhü nəzərdə tutmalıdır. Lakin Vaşinqtonun hazırda “sülh müqaviləsi” adı altında satmağa çalışdığı şey, əslində, keçmiş müharibəni qanuniləşdirmək və yeni müharibəyə başlamaq üçün Azərbaycana boş qəbz verməkdir”,- deyə Amerika Erməni Milli Komitəsinin (ANCA) icraçı direktoru Aram Hamparyan Kapitolidə keçirilən mətbuat konfransında bildirib. 

ANCA-nın rəhbəri mövcud şəraitdə sülhün yalnız Azərbaycanın xeyrinə olduğunu iddia edib. O, Qarabağı könüllü tərk etmiş emənilərin geri qaytarılması yollarının da bağlandığını deyib. Aram Hamparyan daha da irəli gedərək, ABŞ hökumətini dərhal güclü təzyiq göstərməyə və hətta Azərbaycana sankiyalar tətbiq etməyə çağırıb. ““907-ci düzəliş”in tam tətbiqini təmin edin”,-deyə Hamparyan bəyan edib. 

Amerika Erməniləri Milli Komitəsinin bu təxribatçı bəyanatı Ermənistanda keçirilən seçkilərdən sonra Azərbaycanla sülh müqaviləsinin imzalanması səylərinin qarşısını almağa yönəlib. Baş nazir Nikol Paşinyanın liderlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyası iyunun 7-də keçirilmiş parlament seçkilərində qalib gəlsə də, konstitusion çoxluğu əldə edə bilməyib. 

Bu isə Ermənistanda yalnız daxili revanşist müxalifətin deyil, xaricdəki ANCA kimi radikal diasporun Paşinyan hökuməti üzərində təzyiqlərini artırıb. Lakin Nikol Paşinyan hakimiyyəti Ermənistan Seçki Məcəlləsinə və “Referendum haqqında” Qanuna dəyişikliklər etməklə səsvermə prosedurlarını sadələşdirməyə, beləliklə yeni konstitusiyanın qəbuluna çalışır. 

Bununla da Paşinyan hökuməti 2025-ci il avqustun 8-də ABŞ-də Prezident Trampın iştirakı ilə imzaladığı Vaşinqton Bəyannaməsinə və Azərbaycanla paraflanmış sülh sazişinə sadiq qaldığını nümayiş etdirməyə çalışır.  Çünki sülh sazişinin imzalanmasını Ermənistan rəhbərliyindən həm də ABŞ tələb edir. Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddiaları çıxarılmadan sülh sənədinin reallaşması mümkün deyil. 

Eyni zamanda, rəsmi Vaşinqton “Tramp marşrutu”nun, yəni Zəngəzur dəhlizinin inşası və açılmasına dair rəsmi İrəvanla imzalanmış müqavilənin icrası üçün bölgədə sülhün olmasına əsas zəmanət kimi baxır.  Bu baxımdan, ABŞ Paşinyan hakimiyyətindən sülh gündəliyindən yayınmamağı və 2026-cı ilin sonuna qədər Azərbaycanla yekun razılaşmaya nail olmağı tələb edir. Aram Hamparyanın təxribatçı açıqlamaları da ABŞ Konqresi səviyyəsində bu prosesi pozmağa hesablanıb. 

Çünki Azərbaycanla Ermənistan arasında sülhün olması erməni diasporunun rəsmi İrəvanın siyasətinə müdaxilə imkanlarını aradan qaldırır. Lakin bölgədə münaqişənin mövcudluğu ANCA kimi diaspor təşkilatları ilə xarici ölkələrdəki lobbi qrupları və iri maliyyə fondları, korporasiyalar, terror təşkilatları arasında qeyri-leqal yolla pul vəsaitlərinin dövriyyəsinə şərait yaradır. 

Bu da öz növbəsində, Aram Hamparyan kimi şovinistlərin rüşvət, “çirkli pullar” və silah satışı kimi cinayətkar yollarla varlanmasına gətirib çıxarır. Hamparyanın sülh sazişinə qarşı etirazı da bununla bağlıdır. Bu baxımdan, Aram Hamparyanın fəallaşmaq üçün məhz hazırkı vaxtı seçməsi də təsadüfi deyil. 

Noyabr ayında ABŞ Konqresinə aralıq seçkilər keçiriləcək. ANCA seçkiqabağı erməni dasporundan pul toplamaq və Azərbaycana qarşı “907-ci düzəliş”in yenidən tətbiqini Konqresdə qaldıracağına dair iddiaları ortaya atmaqla lobbi qrupları ilə həm siyasi, həm də maliyyə bazarlaşmaları aparmağa çalışır. 

Qeyd edək ki, Aram Hamparyan daha çox ABŞ Demokratlar Partiyasındakı erməni lobbisinə yaxın mövqeyi ilə tanınır. O, Tramp administrasiyasının, yəni respublikaçıların Azərbaycanla Ermənistan arasında sülh və kommunikasiyaların açılması siyasətini tənqid etməklə bu prosesi demokrat namizədlərin seçki kampaniyasının hədəfinə çevirməyə çalışır. 

Lakin 2027-ci ilin yanvar ayında Konqres yeni tərkiblə öz işinə başlayana qədər çox güman ki, Ermənistan konstitusiyanı dəyişəcək və Azərbaycanla sülh müqaviləsi imzalayacaq. Ona görə də Hamparyanın təxribatçı çağırışlarının ciddi nəticə verəcəyi inandırıcı görünmür. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”