Tramp-Netanyahu davası: Buranın bir böyüyü var?
Fevralda başlayan və dünyanı çalxalayan ABŞ-İsrail-İran müharibəsi təkcə insanları öldürüb, iqtisadiyyatı, infrastrukturu məhv etmədi, həm də münasibətləri alt-üst etdi.
ABŞ Prezidenti Donald Trampın İsrail Baş naziri Benyamin Netanyahu ilə münasibətləri də bu fonda gərginləşdi və İran-ABŞ razılaşması ilə daha da şiddətləndi.
Əslidə iki liderin münasibəti İrana qarşı müharibə aparmaq üçün bir araya gəlmələrindən bəri bir çox böhranı dəf edib. Lakin indi Amerika Prezidentinin İsrail Baş nazirinin Livan və İrana davam edən hücumlarla bağlı fikir ayrılığı nəhayət ki, partlayıb.
"Burada qərar verən mənəm. Hər qərarı tamamilə mən verirəm. Netanyahu burada qərar qəbul etmir", - deyə Tramp “Financial Times” qəzetinə verdiyi müsahibədə emosional şəkildə bildirib.
Netanyahunun sonda İranla razılığa gəlməyə məcbur olub-olmayacağı sualına ABŞ Prezidenti kəskin şəkildə cavab verib: "Onun sadəcə seçimi olmayacaq".
"Cebheinfo.az" xəbər verir ki, bu gərginlik İsrail və ABŞ-nin uzunmüddətli maraqlarının kəskin şəkildə fərqlənməyə başladığı bir vaxtda yaranıb. Tramp noyabr ayında keçiriləcək aralıq konqres seçkilərindən əvvəl Yaxın Şərq münaqişəsini mümkün qədər tez həll etmək və benzin qiymətlərini cilovlamaq üçün güclü daxili təzyiq altındadır.
Eyni zamanda, Netanyahu öz ölkəsində sərt tənqidlərlə üzləşir. İsrail müxalifəti onu döyüşlərin əvvəlində bildirdiyi məqsədlərə tamamilə çatmamaqda ittiham edir.
Trampa meydan oxudu

Ağ Evin məlumatına görə, Tramp və Netanyahu tez-tez telefon danışığı aparırlar. Bununla belə, İsrail Baş naziri bir daha Trampa açıq şəkildə meydan oxumağa başlalayıb və regionda yeni bir eskalasiya riski ilə üzləşməyə hazır olduğunu nümayiş etdirib.
“CBS News” da yazır ki, Donald Tramp və İsrail Baş naziri Benyamin Netanyahu arasındakı münasibətlər son aylarda İranla müharibə və ABŞ-İran atəşkəs sazişinin müzakirələri fonunda nəzərəçarpacaq dərəcədə gərginləşib.
Media xəbərlərinə görə, iki tərəf əvvəlcə İrana qarşı birgə hərbi kampaniya zamanı sıx əməliyyat koordinasiyasında fəaliyyət göstərib, strateji tərəfdaşlıq və Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaq kimi ortaq məqsəd barədə bəyanatlar verib. Bu dövrdə liderlərin ictimai ritorikası ümumilikdə müsbət olaraq qalıb və İsrail regional əməliyyatda əsas müttəfiq kimi qəbul edilib.
Lakin münaqişə uzandıqca və ABŞ-nin İranla paralel diplomatik təşəbbüsləri ortaya çıxdıqca, fərqli prioritetlər özünü göstərib.
Kanalın mənbələrinə görə, Vaşinqton getdikcə eskalasiyanı məhdudlaşdırmağa və münaqişəyə siyasi və diplomatik həll yolu axtarmağa başlayıb. İsrail isə əksinə olaraq, bölgədəki İranın təsir strukturlarına və Livandakı Hizbullah da daxil olmaqla, onunla əlaqəli qüvvələrə hərbi təzyiq göstərməyə davam edib.
Bu fonda, Amerika tərəfinin fikrincə, İranla razılaşma üzrə danışıqların son mərhələsində olduğu bir vaxtda İsrailin Beyruta hava hücumu xüsusilə həssas bir epizod halına gəlib. Zərbə bir neçə nəfərin ölümünə səbəb olub və diplomatik prosesin pozulma riski yaranıb.
Mənbələrə görə, məhz bu hadisədən sonra Trampın ritorikası liderlər arasında şəxsi ünsiyyətdə kəskin şəkildə artdı. O, İsrailin hərəkətlərinin İranla razılaşma əldə etmək səylərini pozmasından narazılığını bildirdi və medianın məlumatına görə, İsrail rəhbərliyinə qarşı son dərəcə sərt ifadələr işlətdi. Eyni zamanda, o, əməliyyatı tənqid edərək, bunun daha geniş siyasi prosesi təhlükə altına qoyduğunu vurğuladı.
Bu arada, Vaşinqton və Qüds arasındakı qarşılıqlı əlaqənin təbiəti ikili olaraq qalır. Bir tərəfdən, ABŞ İsraili regionda əsas strateji tərəfdaş kimi görməyə davam edir və hərbi dəstəyi və ya kəşfiyyat əməkdaşlığını məhdudlaşdırmaq üçün heç bir addım atmayıb.
Digər tərəfdən, ABŞ administrasiyasının siyasi ritorikası getdikcə koordinasiyalı hərəkətlərə ehtiyac olduğunu və Amerika diplomatik təşəbbüslərini sarsıda biləcək birtərəfli addımların qəbuledilməzliyini vurğulayır.
İsrail tərəfi isə öz növbəsində öz təhlükəsizlik mülahizələrinə əsaslanaraq hərəkət etdiyini bildirir. Livandakı silahlı qrupların və İranla əlaqəli daha geniş regional şəbəkənin təcili təhdidlərini aradan qaldırmadığı təqdirdə hərbi əməliyyatları xarici siyasət razılaşmalarına uyğunlaşdırmaq məcburiyyətində olmadığını israr edir.
Gərginliyin ayrı bir amili siyasi dövrlərdəki fərq olaraq qalır. Həm ABŞ-də, həm də İsraildə hər iki lider seçki hesablamaları və qətiyyət nümayiş etdirmək ehtiyacı da daxil olmaqla, daxili siyasətdən təzyiq altındadır. Bu, ictimaiyyət qarşısında görünən hərəkətlərə meylliliyi artırır və kompromis üçün məkanı azaldır.
Analitiklər qeyd edirlər ki, mövcud vəziyyət ölkələr arasında ittifaqın pozulması demək deyil. Tərəflər "koordinasiyalı fikir ayrılığı" modelinə keçid edib.
Livandakı və ” Hizbullah” ətrafındakı vəziyyət bu konfiqurasiya üçün əsas sınaq olaraq qalır, çünki bu, ABŞ-İran razılaşmasının mümkünlüyü və daha geniş regional gərginliyin azaldılması rejimi ilə birbaşa bağlıdır.
1996-cı ilin əks-sədası: Burada supergüc kimdir?

Ekspertlər deyirlər ki, ikinci prezidentliyi müddətində Tramp, ümumiyyətlə, Netanyahunun İran və onun “Hizbullah” da daxil olmaqla regional proksi qrupları ilə mübarizə vizyonunu tam qəbul edib.
Fevral ayında Tramp İslam Respublikasına qarşı birbaşa müharibəyə başlayan ilk ABŞ Prezidenti olub, çünki İsrail liderləri, xüsusən də Netanyahu on illərdir Ağ Evə müraciət edirdilər. Bu, ABŞ-nin ötən ilin iyun ayında İranın nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra baş verib.
Amerika liderlərinin İsrail Baş nazirinin davranışından qıcıqlanması əvvəllər də bəzən ictimai müzakirələrə səbəb olmuşdu. Buna misal olaraq, sabiq prezident Bill Klintonun 1996-cı ildə gərgin və çətin görüşdən sonra müşavirlərindən qəzəblə soruşduğu çıxışı göstərmək olar.
O zaman o, "Burada super güc kimdir?",- deyə soruşub. Mənbələr bildirir ki, prezident ötən ilin iyun ayında İranı və ya ötən həftə Livanı bombalamağı dayandırmaq istəməməsi səbəbindən Netanyahuya qarşı müntəzəm olaraq ədəbsiz ifadələr işlədir.
Lakin bu cür açıq-aşkar gərginliyə baxmayaraq, Trampın Təl-Əvivə qarşı həqiqətən sərt təsir vasitələrindən - məsələn, ABŞ-nin hərbi yardımının tam blokadası və ya məhdudlaşdırılması kimi vasitələrdən istifadəyə hazır olduğuna dair hələlik heç bir əlamət yoxdur.
Əksinə, prezidentliyi dövründə Tramp İsrail liderinə əvvəlki ABŞ administrasiyalarının daha çox, hətta görünməmiş dəstək göstərib. O, Netanyahuya qarşı antikorrupsiya ittihamlarını açıq şəkildə tənqid edib, Fələstin ərazilərində qeyri-qanuni İsrail məskunlaşma fəaliyyətinə görə sanksiyaları qaldırıb və Konqresdəki demokratların blokada tətbiq etməyə çalışmasına baxmayaraq, şəxsən silah satışını təşviq edib.
Netanyahunun tələsi

Buna baxmayaraq, Trampın müharibəni dərhal dayandırmaq üçün sərt və güzəştsiz səyləri Netanyahunu ölkə daxilində son dərəcə pis vəziyyətdə qoyur. O, bu il keçiriləcək parlament seçkilərindən əvvəl İsrailin əsas strateji müttəfiqinin sərt tələbləri ilə öz seçicilərinin fikirləri arasında hərəkət etməlidir.
Sorğular göstərir ki, israillilərin böyük əksəriyyəti İrana qarşı davam edən hərbi əməliyyatları dəstəkləyir, çünki ictimaiyyət ölkənin əsas təhlükəsizlik məqsədlərinə çata bilmədiyinə inanır. Milli Təhlükəsizlik Tədqiqatları İnstitutu (INSS) tərəfindən ötən ay aparılan sorğuya görə, İsrail əhalisinin yalnız 37%-i kampaniyanın hazırkı nəticələrindən məmnundur.
"Netanyahu iki son dərəcə pis ssenari ilə üzləşir", - deyə siyasi analitik və keçmiş rəhbər Aviv Buşinski şərh edib.
"O, ya Trampa tamamilə tabe ola və Vaşinqtonun tələb etdiyini edə bilər, amma bu, İsrail daxilində böyük siyasi xərclərə səbəb olacaq. Yaxud da Trampla münasibətlərini kəsə bilər. Amma düşünmürəm ki, İsrail, xüsusən də müdafiə komponenti və hava hücumundan müdafiə sistemləri baxımından İranla təkbaşına tammiqyaslı müharibə apara bilər",-deyə o bildirib.
Hərbi teatr?
"İran və Tramp administrasiyası İran və Livan müharibə teatrlarını vahid bir varlıq kimi görür, İsrail isə onları tamamilə ayrı-ayrı hesab edir", - deyə Vaşinqtonda yerləşən Yeni Amerika Təhlükəsizliyi Mərkəzinin (CNAS) icraçı direktoru Riçard Fontayn bildirib.
O, çıxışında “İsrail 1970-ci illərdən bəri Livanda yaraqlılarla mübarizə aparır və heç bir beynəlxalq müqavilə onu şimal sərhədini müdafiə etmək üçün suveren hüququndan imtina etməyə məcbur etməyəcək”,-deyib.
Təl-Əvivdə yaşayan siyasi analitik və sosioloq Daliya Şeyndlin hesab edir ki, liderlər arasındakı bu ictimai fikir ayrılıqlarında "siyasi teatr"ın əhəmiyyətli bir elementi var:
"Tramp Amerika seçicilərinə vəziyyəti nəzarətdə saxladığını, müharibənin və Amerikanın birbaşa başqa bir Yaxın Şərq münaqişəsinə cəlb olunmasının qarşısını aldığını nümayiş etdirməyə çalışır. Bu, Netanyahunu öz bazasının gözündə güclü bir lider kimi göstərir, çünki guya o, ABŞ Prezidentinin özünə açıq şəkildə meydan oxuya bilir".
Lakin İsrail müxalifəti Netanyahunun qəfil geri çəkilməsini dərhal tənqid edib. Bu, İsrail Baş nazirinin Trampın birbaşa tələbi ilə bir həftə ərzində ikinci dəfə genişmiqyaslı hərbi planlarını qəfil şəkildə azaltmasıdır və bu da rəqiblərinə onu siyasi təslim olmaqda ittiham etmək üçün onlara ciddi əsas verir.
Keçmiş baş nazir və Netanyahunun oktyabr ayından əvvəl keçiriləcək seçkilərdəki əsas rəqiblərindən biri olan Naftali Bennett, baş naziri çətin mübarizəni davam etdirməkdən imtina etdiyi üçün İsrailə müntəzəm İran hücumlarını "normallaşdırmaqda" günahlandırdı.
Bu arada, İsrail Müdafiə Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi və digər müxalifət ağır çəkili döyüşçüsü Qadi Eisenkot Trampın “Netanyahu ondan istədiyimi etdi" sözlərinin təkrar-təkrar səsləndirildiyi bir video yayımlayıb.
"İranla müharibə ilk dəfə başlayanda müxalifət hökuməti tam dəstəklədi, çünki hamı sürətli və uğurlu bir kampaniyaya ümid edirdi", - deyə Aviv Buşinski bildirib. "Lakin indi onlar açıq şəkildə Netanyahunu uzunmüddətli strategiyanın tamamilə olmamasında ittiham edirlər və bunu deyirlər, çünki bu müharibənin artıq ilkin məqsədlərinə çatmayacağını çox yaxşı başa düşürlər",-deyə o vurğulayıb.
İndi gözlər bu iki liderin münasibətlərinin dünyanı hansı istiqamətə aparacağına dikilib…
Elnarə Kərimova
"Cebheinfo.az"


