İtaliyada 8 şəhərdə “qırmızı” xəbərdarlıq elan edildi
Afrikadan gələn isti hava kütləsinin təsiri ilə İtaliyada həddindən artıq temperatur artımı müşahidə olunur. Proqnozlara əsasən, sabah ölkənin 8 şəhərində ən yüksək risk səviyyəsi olan “qırmızı” xəbərdarlıq qüvvədə olacaq.
"Cebheinfo.az" xəbər verir ki, İtaliya Səhiyyə Nazirliyi Bolonya, Boltsano, Breşya, Florensiya, Milan, Peruca, Rieti və Turin şəhərlərində istilərin təhlükəli həddə çatacağını açıqlayıb.
Paytaxt Roma üçün isə ikinci ən yüksək risk səviyyəsi sayılan “narıncı” xəbərdarlıq elan edilib.
Nazirlik əhaliyə günün ən isti saatlarında - 11:00-dan 18:00-dək açıq havada qalmaqdan çəkinməyi, bol su içməyi və günəşdən qorunma tədbirlərinə əməl etməyi tövsiyə edib.
Xüsusilə Milan şəhərində turistlərin günəşdən qorunmaq üçün çətir və portativ ventilyatorlardan istifadə etdiyi, həmçinin fəvvarələrin ətrafında sərinləməyə çalışdığı müşahidə olunub.
Meteoroloqlar isti dalğasının həftə sonuna qədər davam edəcəyini bildirir.
"Cebheinfo.az"


