Rusiyanın son “qalası” dağılır
“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) rəhbərliyi Ermənistanın gələcək üzvlüyü məsələsini ətraflı müzakirə edəcək”.
“Cebheinfo.az”-ın məlumatına görə, KTMT Daimi Şurasının sədri və Rusiya Federasiyasının təşkilatdakı daimi nümayəndəsi Viktor Vasilyev belə deyib.
O, Sankt-Peterburq Beynəlxalq Hüquq Konfransında çıxışı zamanı Ermənistanın KTMT-yə üzvlüyünün davam etdirilməsi məsələsinin ali rəhbərliyin diqqət mərkəzində olduğunu və müzakirə mövzusu olacağını bildirib.
Vasilyevin sözlərinə görə, ABŞ və Avropa İttifaqının Ermənistanla bağlı planları Cənubi Qafqaz regionunda vəziyyəti daha da gərginləşdirməklə hədələyir. O əlavə edib ki, KTMT vəziyyəti nəzarətdə saxlayır.
Xatırladaq ki, bir müddət əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın iki il üzvlük haqqını ödəmədiyinə görə KTMT-dən xaric edilə biləcəyini demişdi.
Qeyd edək ki, son vaxtlar rəsmi Moskva Ermənistanın Qrəbyönümlü siyasi kursuna görə həm də Avrasiya İqtisadi ittifaqından çıxarılması məsələsini gündəmə gətirib.
Hətta bu məqsədlə Rusiya Prezidenti Vladimir Putin Aİİ dövlət başçılarının may ayında Qazaxıstanın paytaxtı Astanada keçirilən sammitində Ermənistan hakimiyyətindən təşkilatdan çıxmaq üçün referendum keçirməyi tələb edən bəyanatın qəbuluna nail olub.
İndi isə Rusiya Ermənistanı KTMT-dən çıxarmaqla təhdid edir. Əslində, Avrasiya İqtisadi İttifaqının təsis edilməsi haqqında müqaviləyə görə, üzv dövlətin birlikdən çıxarılması mexanizmi yoxdur.
Aİİ-yə daxil olan ölkə bu təşkilatı könüllü tərk edə bilər. KTMT-dən çıxarılma və ya alyansın sıralarını könüllü tərk etməyin prosedurları təşkilatın nizamnaməsinin 19-cu və 20-ci maddələrində nəzərdə tutulur. Nizamnaməyə görə, üzv ölkə KTMT-dən çıxmaq istədikdə, bununla bağlı altı ay öncədən depozitariyə müraciət etməlidir.
Həmin dövlətin qurumdakı fəaliyyətinə xitam verilməsi ilə bağlı qərarı isə KTMT-nin ali orqanı olan Daimi Şura qəbul edir. Bu zaman səsvermə zamanı KTMT-dən çıxmaq istəyən ölkənin səsi nəzərə alınmır. Üzv ölkə KTMT-nin Nizamnamə tələblərini pozduqda isə onun təşkilatdan xaric edilməsi barədə məsələ Daimi Şurada müzakirə edilərək səsverməyə çıxarılır.
Bu baxımdan, Daimi Şuranın sədri Viktor Vasilyevin açıqlaması ciddi və sərt təsir bağışlayır. Əslində, Vasilyevin sözləri daha çox Rusiyanın Ermənistana növbəti xəbərdarlığı kimi başa düşülməlidir. Çünki Nikol Paşinyan hakimiyyətinin Avropa İttifaqına inteqrasiya siyasəti KTMT-yə üzvlüklə bir araya sığmır.
Avropa İttifaqı Ermənistandan Rusiyanın liderlik etdiyi təşkilatlardan, o cümlədən KTMT-dən çıxmağı tələb edir. Eyni zamanda, Rusiya Ermənistanın Ukraynada müharibə apardığı və düşmən münasibətdə olduğu Avropa İttifaqı ilə yaxınlaşmasını özünün təhlükəsizlik maraqlarına zidd hesab edir.
Son günlər Ermənistan ərazisdində NATO-nun “Qartal Tərəfdaşlığı 2026” təlimlərinin keçirilməsi Kremli qəzəbləndirib. Yəni Moskva KTMT-nin Nizamnaməsinin pozulduğunu əsas gətirərək Ermənistanı alyansdan xaric edəcəyi ilə hədələyir.
Bununla da Rusiya Ermənistanın təhlükəsizliyinin təmininə dair müqavilə üzrə nəzərdə tutulan öhdəliklərdən imtina edəcəyi barədə mesaj verir. Azərbaycanla sülh müqaviləsinin imzalanmadığı və Türkiyə ilə münasibətlərin hələ normallaşmadığı bir şəraitdə Rusiya özünü Ermənistanın təhlükəsizliyinin yeganə zəmanətçisi kimi göstərməyə çalışır.
Digər tərəfdən, Ermənistanın konstitusiyasının dəyişməsi məsələsi gündəmdədir. Nikol Paşinyanın liderlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyası seçkilərdə qələbə qazansa da, konstitusion çoxluğu qazana bilməyib.
Amma Paşinyan hakimiyyəti “Referendum Haqqında” Qanuna və Seçki Məcəlləsinə dəyişikliklər etməklə yeni konstitusiyanın qəbuluna çalışır. Rusiya tərəfinin narahatlığı isə yeni konstitusiyada Ermənistanın bloklara qoşulmayan, neytral dövlət kimi göstərilməsi, eləcə də Avropa İttifaqına üzvlük məsələsinin təsbit edilməsi ilə bağlıdır.
Bu halda, Ermənistan KTMT-dən çıxmalı olacaq. Lakin Rusiya rəsmilərinin bu cür bəyanatları daha çox ritorik xarakter daşıyır. Reallıqda isə hər hansı ölkənin KTMT-dən çıxması Rusiyanın strateji maraqlarına uyğun gəlmir. Çünki Ermənistanın üzvlüyünün ləğv edilməsi KTMT daxilində “domino” effekti verə bilər. Bu isə KTMT-nin dağılmasına gətirib çıxaracaq.
Müşfiq Abdulla
“Cebheinfo.az”

