Yaponiyada ayı kabusu: Hökumət hərəkətə keçdi

Yaponiyada ayı kabusu: Hökumət hərəkətə keçdi

Yaponiyanın paytaxtı Tokionun qərbində yerləşən Hatioci (Hachioji) şəhərində yaşayış məntəqələrinə yaxın ərazilərdə ayıların daha tez-tez görünməsi narahatlıq yaradıb.

"Cebheinfo.az" xarici mediaya istinadən xəbər verir ki, bununla əlaqədar şəhər rəhbərliyi məktəblər və ictimai təşkilatlar üçün 700 ədəd ayılardan müdafiə spreyi alınmasına qərar verib.

Şəhər administrasiyası ayıların yaşayış məntəqələrinə yaxınlaşmasından sonra təcili tədbirlər planı hazırlayıb.

Plana əsasən, müdafiə spreyləri ilə yanaşı, daşına bilən elektrik çəpərləri və yüksək tezlikli səs siqnalları yayan cihazlar da alınacaq.

Məlumata görə, Hatiocidə bu ilin aprel ayından bəri ayılarla bağlı 11 müşahidə və ya iz qeydə alınıb.Yerli hakimiyyət nümayəndəsi Ryosuke Sato bildirib ki, tədbirlər üçün ayrılan təxminən 15 milyon yen (93 min ABŞ dolları) vəsait yalnız ayı spreylərinin alınmasına deyil, digər təhlükəsizlik vasitələrinin təmin edilməsinə də sərf olunacaq.

Səlahiyyətlilər eyni zamanda ayıların yaşayış məhəllələrinə daxil olduğu hallarda ovçuların cəlb edilməsini nəzərdə tutan fəaliyyət planı üzərində işləyirlər.

Qeyd edək ki, Yaponiyada ayı hücumları son illərdə rekord həddə çatıb. Ölkənin Ətraf Mühit Nazirliyinin məlumatına görə, ötən maliyyə ilində ayı hücumları nəticəsində 13 nəfər həyatını itirib ki, bu da indiyədək qeydə alınan ən yüksək göstəricidir.

Bu ilin 1 aprel – 30 may tarixləri arasında isə ayı hücumları nəticəsində 5 nəfər ölüb, 20 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Mütəxəssislər bildirirlər ki, qış yuxusundan oyanan ayıların daha fəal hərəkət etməsi onların yaşayış məntəqələrində daha tez-tez görünməsinə səbəb olur. Bu səbəbdən ölkənin müxtəlif bölgələrində təhlükəsizlik tədbirləri gücləndirilir.

Gülər 
"Cebheinfo.az"