Bakıda su qıtlığı: Sakinlər ADSEA-nı kütləvi məhkəməyə verə bilər - VƏKİL
Son günlər paytaxtda ciddi su problemi yaranıb.
Yaranmış problemlə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) yaydığı məlumatda su anbarlarında qəbul edilən suyun miqdarını və sutəmizləyici qurğuların məhsuldarlığını artırmaq məqsədilə texniki işlər aparıldığı bildiriLİb. Ancaq sakinlər bir neçə gündür suyun verilişində ciddi məhdudiyyətlə rastlaşırlar.
Ümumiyyətlə, bu problem ötən yay fəslində də müşahidə edilib. Yaranmış problemlə bağlı vətəndaşlar müvafiq qurumdan məhkəməyə şikayətçi ola bilərmi və ümumiyyətlə, kommunal xidmətlərlə bağlı belə müraciətlər olurmu? Əgər qaz, su, işığın verilməsi vətəndaşın günahı olmadan dayandırılarsa, müvafiq qurumu cəza gözləyirmi?
Azərbaycan İstehlakçılar Şurasının sədri, vəkil Roman Qaraşov bildirib ki, istehlakçı hüquqları baxımından vətəndaşların təbii inhisar subyekti olan kommunal xidmət təminatçılarına qarşı şikayət etmək və dəymiş ziyanın ödənilməsini tələb etmək hüququ qanunvericiliklə tam təsbit olunub:

“Su, qaz və ya elektrik enerjisinin fasiləsiz verilməsi müqavilə öhdəliyi olduğu üçün texniki işlər və ya qəzalar zamanı istehlakçıların məlumatlandırılması, eləcə də dayandırılma müddətinin normativlərə uyğun olması vacibdir.
Bu tələblərin pozulduğu halda vətəndaşlar müvafiq qurumun qaynar xətlərinə, habelə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət edərək pozuntunun aradan qaldırılmasını tələb edə bilərlər.
Kommunal xidmətlərin vətəndaşın təqsiri olmadan kütləvi şəkildə dayandırılması, xidmət təminatçısının müqavilə öhdəliklərini icra etməməsi kimi qiymətləndirilir və bu, İnzibati Xətalar Məcəlləsinə əsasən, müvafiq qurumun vəzifəli şəxslərinin cərimələnməsinə səbəb ola bilər".
Vəkil deyib ki, qəza baş verdiyi təqdirdə xidmət təminatçısı dərhal təmir işlərinə başlamalı və istehlakçını fasilənin səbəbi, eləcə də xidmətin nə vaxt bərpa olunacağı barədə operativ şəkildə məlumatlandırmalıdır:
"Əgər qəza vətəndaşın təqsiri olmadan baş veribsə və təmir müddəti qanunla müəyyən edilmiş normativləri aşaraq istehlakçının hüquqlarını kobud şəkildə pozursa, qurumun məsuliyyəti istisna olunmur.
Belə hallarda vətəndaşlar qəzanın uzun müddət aradan qaldırılmaması ilə bağlı rəsmi şikayət verərək, həmin dövr üçün ödənişlərin yenidən hesablanmasını və ya xidmət keyfiyyətsizliyinə görə tələblərini irəli sürə bilərlər”.
Nigar Abdullayeva
“Cebheinfo.az”

