İran müharibəsində məğlub ODUR

İran müharibəsində məğlub ODUR

ABŞ və İran arasında əldə olunan müvəqqəti razılaşma İsrailin Baş naziri Benyamin Netanyahunun Vaşinqtonu yönləndirə bilən lider imicini sarsıdıb.

"Cebheinfo.az" xəbər verir ki, analitiklər Netanyahunun həm beynəlxalq arenada, həm də daxili siyasətdə təzyiq altında qaldığını bildirirlər.

ABŞ ilə İran arasında fevral ayında başlayan müharibəni dayandırmaq məqsədilə əldə olunan memorandum və ardınca gələn atəşkəs İsrail Baş naziri Benyamin Netanyahunun siyasi nüfuzuna ciddi zərbə vurub.

İllər boyu özünü Vaşinqtonu istənilən məsələdə razı sala bilən yeganə lider kimi təqdim edən Netanyahu ABŞ Prezidenti Donald Trampın İsrailin etirazlarını məhdudlaşdırıcı hesab etdiyi uzlaşma siyasəti qarşısında təsir gücünü itirmək təhlükəsi ilə üzləşib.

Karyerasını ABŞ ilə İsrail arasında strateji uyğunluq yaratmaq iddiası üzərində quran Netanyahu diplomatlar tərəfindən əvvəllər Vaşinqtonun qərarlarına təsir edə bilən “Amerikanın pıçıldayıcısı” kimi xarakterizə olunurdu.

Lakin analitiklər Vaşinqton və Tehran arasında əldə olunan son razılaşmanın bu mənzərəni dəyişdirdiyini bildirirlər. Hazırda isə Netanyahunun siyasi karyerasının sonuna doğru sürətlə yaxınlaşdığı qeyd olunur.

Keçmiş ABŞ rəsmisi Dennis Ross bildirib ki, Netanyahu bir tərəfdən münaqişəni bitirmək istəyən ABŞ Prezidenti, digər tərəfdən isə güzəştlərə qarşı çıxan yerli tərəfdarları arasında sıxışıb qalıb.

Rossun sözlərinə görə, payız seçkiləri öncəsi beynəlxalq aləmdə təklənən İsrail Baş naziri vəd etdiyi qəti qələbəni, İran rejiminin çökməsini və ya "Hizbullah"ın məğlubiyyətini təmin edə bilməyib. Bu isə Netanyahunun siyasi mövqeyini zəiflətməyə başlayıb.

Netanyahunun keçmiş müşaviri Aviv Buşinski isə bu vəziyyətin Netanyahu üçün açıq məğlubiyyət olduğunu və onun Tramp ilə münasibətlərini də itirdiyini vurğulayıb.

Netanyahu keçirdiyi mətbuat konfransında Tramp ilə münasibətlərini “bəzən yaxşı anlaşan, bəzən anlaşmayan tərəfdaşlar” kimi xarakterizə edib.

Ağ Ev və Dövlət Departamentinin rəsmiləri isə İsrailin təhlükəsizliyinə dəstəyin davam etdiyini və İsrail ordusunun İranın hərbi potensialının zəiflədilməsində mühüm tərəfdaş olduğunu vurğulayıblar.

Lakin ABŞ Dövlət Departamenti "Hizbullah" təhlükəsi aradan qalxana qədər İsrailin Livandan çıxmasının gözlənilmədiyini də əlavə edib.

Analitiklər iki lider arasındakı fikir ayrılığının əsas səbəbinin Trampın Yaxın Şərqdəki müharibədən uzaqlaşmaq istəyi, Netanyahunun isə İran və "Hizbullah"a qarşı hərbi təzyiqin davam etdirilməsini müdafiə etməsi olduğunu bildiriblər.

Regional diplomatik mənbələr Vaşinqtonun Tehranla birbaşa danışıqlar apararaq Livandakı münaqişəni daha geniş çərçivədə müzakirə etməsinin İsraili mühüm qərarların kənarında qoyduğunu vurğulayıblar.

Trampın İsrailin Livandakı hərbi fəaliyyətlərini açıq şəkildə tənqid etməsi və vitse-prezident CD Vensin İsrailə “əlində qalan yeganə güclü müttəfiqə qarşı çıxmamaq” xəbərdarlığı etməsi iki lider arasındakı uçurumu daha da dərinləşdirib.

İki İsrail rəsmisi isə Netanyahunun bu açıqlamalara görə silah tədarükündə gecikmə yaşanacağından narahat olmadığını bildiriblər.

Razılaşmanın Netanyahunun İran rəhbərliyini zəiflətmək və Səudiyyə Ərəbistanı ilə münasibətləri normallaşdırmaq istiqamətindəki əsas strateji məqsədlərinə də təsir etdiyi görünür.

Körfəz mənbələrinin məlumatına görə, Qəzza müharibəsi və İordan çayının qərb sahilinin ilhaqı ilə bağlı müzakirələr səbəbindən "İbrahim Razılaşmaları"nın təməli zəifləyib. 

Səudiyyə Ərəbistanı da daxil olmaqla, region ölkələri normallaşma proseslərini yavaşladaraq Tehranla əlaqələri yenidən aktivləşdirməyə başlayıblar.

İranlı bir rəsmi isə vəziyyətin Netanyahu üçün uğursuzluq olduğunu bildirərək İranın regionda daha təsirli aktora çevrildiyini iddia edib. Netanyahunun ofisi isə məsələ ilə bağlı şərh sorğusuna cavab verməyib. 

Nigar Hacılı 
"Cebheinfo.az"