Hörmüz boğazında təhlükə böyüyür
Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Dəniz Təşkilatı (IMO) Hörmüz boğazından keçən yük gəmisinə edilən hücumdan sonra bölgədə qalan 11 mindən çox dənizçinin təxliyəsi ilə bağlı planı müvəqqəti olaraq dayandırıb.
"Cebheinfo.az" xəbər verir ki, IMO-nun rəhbəri Arsenio Dominqez bildirib ki, bəzi gəmilər daha əvvəl təxliyə edilsə də, qurum "zəruri təhlükəsizlik təminatlarının" qüvvədə qaldığına əmin olmaq istəyir.
Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Mərkəzinin (UKMTO) yaydığı açıqlamada qeyd olunub ki, Omanın Dahit limanından 7,5 dəniz mili cənubda yerləşən ərazidə bir gəmiyə kimliyi məlum olmayan raketlə hücum edilib. Hadisə nəticəsində ölən və ya yaralanan olmayıb.
Risk idarəetmə şirkəti "Vanguard" bildirib ki, Sinqapur bayrağı altında üzən "Ever Lovely" adlı yük gəmisi hücuma baxmayaraq, Hörmüz boğazındakı marşrutu üzrə hərəkətini davam etdirib.
ABŞ mediasında yayılan məlumatlara görə, amerikalı rəsmilər hücuma görə İranı məsul hesab edirlər. İranın boğazın idarə olunması üçün yaratdığı Fars Körfəzi – Hörmüz Boğazı İdarəsi (PGSA) isə müəyyən edilmiş marşrutlardan kənara çıxan gəmilərə təhlükəsiz keçid zəmanəti verilməyəcəyini açıqlayıb.
Qurumun sosial media hesabında yayımlanan paylaşımda bildirilib ki, icazəsiz marşrutlardan istifadənin doğuracağı bütün nəticələrə görə gəminin sahibi, operatoru və kapitanı məsuliyyət daşıyacaq.
Nigar Hacılı
"Cebheinfo.az"


