Keçmiş deputat indiki deputatı qınadı: “Adam dəli olmaq istəyir!”
Milli Məclisin sabiq deputatı, keçmiş konsul Xeyrəddin Qoca sosial şəbəkə hesabındakı paylaşımında parlamentin hazırkı deputatı Ziyad Səmədzadəni qınayıb.
“Cebheinfo.az” xəbər verir ki, X.Qoca Z.Səmədzadəni Azərbaycanı Nigeriya ilə müqayisə etməklə düzgün fikir yürütmədiyini vurğulayıb.
“Deyirəm, bu deputatlar danışanda mütləq səhv buraxırlar, inanmırsınız! Deputat Ziyad Səmədzadə deyir ki, "Nigeriyada bizdən çox neft çıxarırlar, amma onlar bizdən yoxsul yaşayırlar".
Bu adam nə demək istəyir? Nigeriya ilə bizi niyə müqayisə edir? Nigeriyanın bizə nə dəxli var? Nəhayət, Nigeriya hara, biz hara?
Adam belə mənasız, məntiqsiz fikirləri eşidəndə dəli olmaq istəyir!”, - Xeyrəddin Qoca bildirib.
Xeyrəddin Qoca 1992-ci ildə Yeni Azərbaycan Partiyasının (YAP) qurulmasında iştirak etmiş “91-lər”in üzvüdür. O, 1993-1997-ci illərdə YAP-ın orqanı olan “Yeni Azərbaycan” qəzetinin baş redaktoru olub. 1997-2003-cü illərdə Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu işləıyib.
Hazırda təqaüddədir.
Ziyad Səmədzadə 2005-ci ildən deputatdır. O, Milli Məcılin III, IV, V, VI və VII çağırış deputatı seçilib.
“Cebheinfo.az”


