Məktəbə silahlı hücum: Oynadığı oyun qadağan olundu
Filippində bir liseyə təşkil edilən silahlı hücumun 14 yaşlı şübhəlisinin oynadığı iddia edilən şiddət tərkibli "Gorebox" video oyununa giriş müvəqqəti olaraq məhdudlaşdırılıb.
"Cebheinfo.az" xəbər verir ki, San Jose Milli Liseyində baş verən və 3 şagirdin ölümü ilə nəticələnən silahlı hücumdan sonra polis 2 şübhəlidən birinin "Gorebox" adlı video oyunu oynadığını müəyyən edib.
Oyuna giriş müvəqqəti olaraq bloklanıb.
Ölkənin Kibertəhlükəsizlik Qurumu "Bu faciəvi hadisəyə təsir göstərə biləcək mümkün onlayn faktorları nəzərdən qaçıra bilmərik" bəyanatını verib.
Kiber Cinayətlərin Araşdırılması və Koordinasiyası Mərkəzinin rəhbəri Aboy Paraiso da oyuna girişin müvəqqəti olaraq dayandırılmasının, platformanın şübhəlilərin əməllərində hər hansı bir rolunun olub-olmadığını qiymətləndirməyə imkan yaradacağını bildirib.
Filipin Milli Polisinin mətbuat katibi Allan Rae Co isə 14 yaşlı şübhəlinin onlayn məzmunlardan "ciddi şəkildə təsirləndiyinin göründüyünü", həmçinin internetdə şiddət tərkibli paylaşımlar etdiyini qeyd edib.
Hücumdan əvvəl iki uşağın özlərini tualetə qapadığını bildirən Co "Bütün əlamətlər bunun planlaşdırılmış bir aksiya olduğuna işarə edir",- deyib.
"Google Play"dəki təsvirində "Gorebox" adlı oyunun, oyunçuların "istədikləri hər şeyi məhv edə biləcəyi" və "geniş bir silah və partlayıcı arsenalı ilə amansızca qarşıdurmaya girə biləcəyi" bir oyun olaraq xarakterizə edilib.
Xatırladaq ki, San Jose Milli Liseyində bazar ertəsi günü baş verən silahlı hücumda 3 şagird həyatını itirib, hadisə ilə əlaqəli iki oğlan şübhəli şəxs qismində saxlanılıb.
Polis şübhəlilərdən birinin hücumun baş verdiyi liseyin şagirdi olduğunu açıqlayıb və hadisədən sonra məktəb ətrafında təhlükəsizlik tədbirlərini gücləndirmək məqsədilə əraziyə əlavə qüvvələrin cəlb edildiyini bildirib.
Nigar Hacılı
"Cebheinfo.az"


