Kreditlərə nəzarət güclənir: Sizi daha aldada bilməyəcəklər
Banklarda kredit risklərinin idarə edilməsi qaydalarında dəyişiklik edilib.
Bununla bağlı Mərkəzi Bankın sədri Taleh Kazımov müvafiq qərar imzalayıb. Qərara əsasən, bank müştərinin yazılı müraciəti ilə ona istehlak krediti müqaviləsinin məsafədən bağlanılmasına və ya kredit limitinin artırılması ilə bağlı müqaviləyə məsafədən dəyişiklik edilməsinə bütün satış kanalları vasitəsilə məhdudiyyət qoymaq imkanı yaratmalıdır.
Bu dəyişiklik kimin xeyrinədir, bankın, yoxsa vətəndaşın?
İqtisadçı-ekspert Asif İbrahimov “Cebheinfo.az”-a bildirib ki, Mərkəzi Bankın kredit risklərinin idarə olunması qaydalarına etdiyi dəyişiklik istehlakçı hüquqlarının və maliyyə təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir:

“Yeni tələbin mahiyyəti ondan ibarətdir ki, vətəndaş öz istəyi ilə banka müraciət edərək məsafədən istehlak krediti rəsmiləşdirilməsinə və ya kredit limitinin artırılmasına məhdudiyyət qoya biləcək.
Bu dəyişiklikdən ən çox faydalanan tərəf vətəndaşlar olacaqlar. Son illərdə rəqəmsal bankçılığın sürətli inkişafı kredit xidmətlərinə çıxışı asanlaşdırır. Amma başqa risklər də üzə çıxır.
Kiberdələduzluq, şəxsi məlumatların ələ keçirilməsi və vətəndaşın xəbəri olmadan maliyyə öhdəliklərinin formalaşması kimi riskləri də artırıb. Yeni mexanizm vətəndaşlara öz maliyyə təhlükəsizliyi üzərində əlavə nəzarət imkanı verir və arzuolunmaz kredit əməliyyatlarının qarşısının alınmasına kömək edir”.
Bundan başqa, bu qərar bank sektoru üçün də müsbət əhəmiyyət daşıyır:
“Çünki mübahisəli kredit əməliyyatları, müştəri şikayətləri və reputasiya riskləri azalır. Banklarla müştərilər arasında etimadın güclənməsi isə maliyyə sektorunun dayanıqlılığı baxımından mühüm amildir. İqtisadi baxımdan dəyişiklik bir neçə vacib nəticə vəd edir. İlk növbədə, məsuliyyətli borclanma prinsiplərinin güclənməsinə xidmət edir.
Vətəndaşın iradəsindən kənar və ya düşünülməmiş şəkildə yaranan kredit öhdəliklərinin azalması gələcəkdə problemli kreditlərin həcminin aşağı düşməsinə müsbət təsir göstərə bilər. Digər tərəfdən, kiberdələduzluq halları nəticəsində yaranan maliyyə itkilərinin və hüquqi mübahisələrin azalması bank sisteminin əməliyyat xərclərinin optimallaşmasına şərait yaradır.
Qısaca desəm, bu qərar kreditləşməni məhdudlaşdıran deyil, vətəndaşa əlavə seçim hüququ verən mexanizm kimi qiymətləndirilməlidir. Müasir beynəlxalq təcrübədə də maliyyə xidmətlərindən istifadə zamanı müştərinin razılığı, məlumatlı seçimi və risklərdən qorunması əsas prinsiplərdən biri hesab olunur”.
Ekspert qeyd edir ki, bu baxımdan, qəbul edilən dəyişiklik rəqəmsal maliyyə xidmətlərinin təhlükəsizliyinin artırılması və maliyyə sisteminə etimadın gücləndirilməsi istiqamətində atılmış müsbət addım kimi dəyərləndirilə bilər.
Aişə Abdulova
“Cebheinfo.az”


