İsrailin “soyqırımı” kartı: Azərbaycanla münasibətlərə necə təsir edəcək?
İsrail xarici işlər naziri Gideon Saar qondarma «erməni soyqırımı” məsələsini gündəmə gətirib.
“Sputnik Ermənistan”ın məlumatına görə, Gideon Saar Osmanlı İmperiyası dövründə “erməni soyqırımı”nın törədildiyini rəsmi olaraq tanıyan qətnaməni İsrail hökumətinə, daha sonra isə parlamentə təqdim edəcək.
“İsrail hökumətinin növbəti iclasında erməni soyqırımının İsrail hökuməti tərəfindən rəsmi tanınmasına dair qətnamə layihəsini təqdim edəcəyəm”, – Saar “X” sosial şəbəkəsində yazıb. Nazir qeyd edib ki, bundan sonra sənəd İsrail parlamentinə – Knessetə təqdim olunacaq. Onun sözlərinə görə, hadisələrin tanınması mənəvi və tarixi borcdur, İsrail tarixi həqiqətin inkarını, kiçildilməsini və ya təhrif edilməsini qınamalıdır.
Məlumatlara görə, İsrail uzun illər bu məsələdə rəsmi tanınmadan yayınsa da, son illərdə Türkiyə ilə münasibətlərin pisləşməsi fonunda bu istiqamətdə müəyyən addımlar atıb.
İsrail xarici işlər nazirinin qondarma "erməni soyqırımı"nın tanınması ilə bağlı təşəbbüsü siyasi mesajdır, yoxsa İsrailin region siyasətində yeni mərhələnin başlanğıcı?
"Cebheinfo.az”-a danışan siyasi şərhçi Oqtay Qasımov bildirib ki, İsrail tərəfindən zaman-zaman son illərdə “erməni soyqırımı” ilə bağlı iddialar gündəmə gətirməsinin əsas səbəbi Türkiyə ilə arasında son on ildə münasibətlərin ziqzaqlı xarakter daşıması və kəskinləşməsidir:

"Xüsusilə İsrailin Qəzzada həyata keçirdiyi əməliyyatlara və Yaxın Şərqdə apardığı siyasətə qarşı çıxan əsas ölkələrdən biri Türkiyədir. Türkiyə İsrailin xüsusilə də son üç ildə Qəzzada həyata keçirdiyi əməliyyatları və orada dinc insanlara qarşı törədilən qətliamları pisləyib.
Bu isə İsrail ilə Türkiyə arasında münasibətlərin gərginləşməsinə səbəb olub. İsrail bu əməliyyatlar zamanı əslində beynəlxalq humanitar hüququn tələblərinə tam riayət etməyib. Bu məsələ hətta bir müddət əvvəl ABŞ Prezidenti Donald Tramp tərəfindən də etiraf olundu".
Siyasi şərhçi əlavə edib ki, İsrail tərəfi “erməni soyqırımı” məsələsini gündəmə gətirməklə Türkiyəyə təzyiq göstərmək istəyir:
"Ümumiyyətlə, son illərdə Benyamin Netanyahu hökuməti ilə Türkiyə arasında münasibətlərdə gərginlik müşahidə olunur. İsrail Şərqi Aralıq dənizində Cənubi Kipr və Yunanıstanla birlikdə Türkiyəyə qarşı müəyyən ittifaq formalaşdırmağa çalışır.
Bundan başqa, Aralıq dənizi akvatoriyasında Türkiyəni sıxışdırmaq niyyətindədir. O cümlədən, Türkiyəni Yaxın Şərqdə, xüsusilə Suriya istiqamətində zəiflətmək və sıxışdırmaq istəyir. Bunun üçün müxtəlif təzyiq vasitələrinə əl atmağa çalışır".
Oqtay Qasımov vurğulayıb ki, qondarma soyqırımın tanınması belə ciddi nəticələr doğurmayacaq:
"Çünki qeyd olunduğu kimi, dünyada qondarma soyqırımı ilə bağlı qərar qəbul edənlər var. Lakin bu, Türkiyə üçün hər hansı hüquqi öhdəlik yaratmayıb və yaratması da mümkün deyil. Bunlar sadəcə siyasi təzyiq vasitələridir. Bu addım Yaxın Şərqdə münasibətlərin normallaşmasına da töhfə verməyəcək və İsrailə başucalığı gətirməyəcək.
Çünki İsrail dövləti uzun illər ərzində yalnız yəhudilərə qarşı soyqırım həyata keçirildiyini iddia edib və dünya qarşısında bunu qəbul edib. İndi isə birdən-birə bu məsələnin gündəmə gətirilməsi, şübhəsiz ki, siyasi məqsədlərlə bağlıdır. Türkiyə ilə İsrail arasındakı gərginlik də bunun əsas səbəblərindən biri kimi göstərilir".
Onun sözlərinə görə, qondarma soyqırımı məsələsinin gündəmə gətirilməsi Cənubi Qafqaza təsir etməyəcək:
"Bu addımın Cənubi Qafqazdakı proseslərə təsirinə gəldikdə, əlbəttə ki, Azərbaycan bu məsələdən narahatdır və özünün iki yaxın müttəfiqi hesab etdiyi ölkələr arasında münasibətlərin gərgin olmasını qətiyyən istəmir. Azərbaycan zaman-zaman bu münasibətlərin normallaşması üçün təşəbbüslərlə çıxış edib. Lakin bu təşəbbüslər, təəssüf ki, ciddi nəticə verməyib.
Bütün hallarda, bu addımın Cənubi Qafqazda ciddi dəyişikliklərə səbəb olacağını düşünmürəm. Ola bilsin ki, İsrail gələcəkdə Ermənistan üzərindən Türkiyəyə müəyyən təzyiqlər göstərməyi planlaşdırır. Ancaq hesab edirəm ki, bu cür addımlar uzunmüddətli dövr üçün nəzərdə tutulsa da, ciddi nəticələrə gətirib çıxarmayacaq və İsrailə hər hansı siyasi dividend və ya üstünlük qazandırmayacaq".
Əfsanə Rəcəb
"Cebheinfo.az"


