Baha aldığımız ətin keyfiyyətini necə yoxlayaq?
Ət məhsulları gündəlik qidalanmada ən çox istifadə edilən əsas ərzaqlardan biridir.
Lakin son illərdə istehlakçılar arasında satılan ətin keyfiyyəti, saxlanma şəraiti və üzərində qeyd olunan məlumatların doğruluğu ilə bağlı narahatlıqlar artmaqdadır. Market və mağazalardan aldığımız məhsulların həqiqətən təzə olub-olmadığını, düzgün şəraitdə qorunub-qorunmadığını müəyyən etmək hər zamana san olmur. Bəzən istehlakçılar ətin üzərindəki son istifadə tarixinin düzgün göstərilib-göstərilmədiyini, rəngində və görünüşündə olan dəyişikliklərin təhlükə siqnalı olub-olmadığını bilməkdə çətinlik çəkirlər.
Bəs gündəlik istifadə etdiyimiz mal, toyuq əti və digər ət məhsullarının keyfiyyətini necə yoxlamaq olar?
Qida mütəxəssisi Fərid Səfərov “Cebheinfo.az” - a bildirib ki, təkcə qablaşdırmanın üzərində yazılan tarixə güvənmək düzgün deyil. İstehlakçı ətin ümumi görünüşünə də diqqət yetirməlidir:

“Təzə ətin rəngi növünə uyğun olmalı, xoşagəlməz və ya turş qoxu verməməli, səthi həddindən artıq selikli və yapışqan olmamalıdır. Barmaqla basdıqda, əmələ gələn iz qısa müddətdə bərpa olunursa, bu da təzəlik əlamətlərindən biridir. Qablaşdırılmış məhsullarda vakuumun pozulmaması, qablaşdırmanın şişməməsi və üzərində istehsalçı, son istifadə tarixi və saxlanma şəraiti barədə məlumatların tam göstərilməsi vacibdir.
Bununla yanaşı, bəzi hallarda xarab olmağa başlayan ət zahirən normal görünə bilər. Buna görə də ətin etibarlı satış məntəqələrindən alınması və soyuq zəncir qaydalarına əməl olunması ən vacib amillərdəndir”.
İlk növbədə, dövlət nəzarəti gücləndirilməli, satış məntəqələrində saxlanma temperaturu, etiketləmə və son istifadə tarixlərinə mütəmadi nəzarət edilməlidir:
“Tarixlərin dəyişdirilməsi və ya istehlaka yararsız məhsulun satışına görə ciddi inzibati tədbirlər görülməlidir. İstehlakçılar da diqqətli olmalı, mənşəyi məlum olmayan və ya şübhə doğuran ət məhsullarını almamalı, alış zamanı qəbzi saxlamalıdırlar.
Əgər məhsulun keyfiyyəti və ya üzərindəki məlumatlarla bağlı şübhə yaranarsa, həmin məhsul istifadə edilməməli və aidiyyəti dövlət qurumlarına müraciət edilməlidir”.
Mütəxəssis qeyd edib ki, qida təhlükəsizliyi həm istehsalçıların və satıcıların məsuliyyəti, həm də istehlakçıların diqqətli davranışı ilə təmin olunur.
Aişə Abdulova
“Cebheinfo.az”


