Güclü zəlzələ qorxusu artır: “İstənilən an baş verə bilrə”

Güclü zəlzələ qorxusu artır: “İstənilən an baş verə bilrə”

Dünyanın müxtəlif bölgələrində ard-arda baş verən güclü zəlzələlər qlobal seysmik aktivliyin artması ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib.

Belə ki, keçən gün Venesuelada cəmi 39 saniyə fasilə ilə baş verən 7,5 və 7,2 bal gücündə iki zəlzələ genişmiqyaslı dağıntılara səbəb oldu. Həmçinin, Yaponiyada baş verən güclü yeraltı təkanlar və Aralıq dənizində hiss olunan seysmik fəallıq dünyanın diqqət mərkəzindədir. 

Son günlər dünyada müşahidə olunan bu seysmik canlanmanın səbəbi nədir? Qlobal miqyasda baş verən zəlzələlər Azərbaycana da təsir göstərə bilərmi? 

"Cebheinfo.az"-a açıqlamasında seysmoloq Ənvər Əliyev bildirib ki, zəlzələnin nə vaxt baş verəcəyini heç kim dəqiq deyə bilməz. Onun sözləribə görə, istənilən vaxt zəlzələ baş verə bilər:

"Zəlzələnin nə vaxt baş verəcəyini dəqiq proqnozlaşdırmaq mümkün deyil. Bu suala konkret cavab yoxdur. Azərbaycan isə dünyanın ən aktiv seysmik zonalarından birində yerləşir. Buna görə də ölkəmizdə istənilən vaxt zəlzələ baş verə bilər. Zəlzələnin gücünü, dəqiq yerini və hansı ərazidə baş verəcəyini öncədən müəyyənləşdirmək çətindi".

Seysmoloq qeyd edib ki, Azərbaycanın daxil olduğu seysmik qurşaqda zəlzələ riski daim mövcuddur:

"Ümumilikdə Fransanın şimalından İndoneziyaya qədər uzanan geniş seysmik qurşaq boyunca istənilən vaxt zəlzələ ola bilər. Azərbaycan da həmin zonaya daxildir. Bu məsələ ilə bağlı kifayət qədər elmi izahlar verilib. Sözügedən ərazi planetin ən məşhur üç əsas seysmik qurşağından biridir və həmin bölgələrdə istənilən vaxt zəlzələ baş verə bilər". 

Əfsanə Rəcəb 
"Cebheinfo.az"