Deputatdan Şvabeyə etiraz:"Kimsə Azərbaycanla ultimatum dilində danışa bilməz"
"Avropada və dünyadakı bəzi qərəzli, ədalətsiz təsisatların Azərbaycanın son illərdə qazandığı tarixi uğurları qəbul edə bilməməsi artıq heç kimə sirr deyil.
Təəssüf ki, Avropa Şurası və onun Parlament Assambleyası (AŞPA) da bu sırada yer almaqdadır. İllərdir müəyyən Qərb dairələrinin, erməni lobbisinin və anti-Azərbaycan mərkəzlərinin təsiri altında fəaliyyət göstərən bu qurum ölkəmizə qarşı əsassız ittihamların, qərəzli yanaşmaların və siyasi təzyiq cəhdlərinin platformasına çevrilib.
Azərbaycanın öz ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etməsindən sonra isə bu qərəzli münasibət daha açıq şəkildə özünü göstərməyə başlayıb. AŞPA-nın ölkəmizə qarşı qərəzli siyasətini hələ də davam etdirdiyini iyunun 24-də keçirilən sessiyada qəbul edilmiş növbəti kağız parçası da bir daha təsdiqləyir".
"Cebheinfo.az" xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Səbinə Salmanova deyib.
Onun sözlərinə görə, Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv qəbul olunarkən ölkəmizdə belə bir gözlənti var idi ki, təşkilat beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğal siyasətinə obyektiv qiymət verəcək və təcavüzkar dövlətə qarşı adekvat münasibət nümayiş etdirəcək:
“Lakin ötən illərin təcrübəsi göstərdi ki, AŞPA Ermənistanın 30 ilə yaxın davam edən işğal siyasətinə qarşı nə siyasi iradə ortaya qoydu, nə də beynəlxalq hüququn tələb etdiyi mövqeni sərgilədi. Əksinə, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi, şəhər və kəndlərimizin viran qoyulması, tarixi və dini irsimizin məhv edilməsi kimi faktlar uzun illər bu qurum tərəfindən görməzdən gəlindi.
Hesab edirəm ki, bu, beynəlxalq münasibətlər sistemində ikili standartların ən açıq nümunələrindən biridir. Çünki Avropa Şurasının əsas fəaliyyət istiqamətlərindən biri insan hüquqlarının müdafiəsidir. Lakin Azərbaycanın üzləşdiyi humanitar faciə, yüz minlərlə insanın fundamental hüquqlarının pozulması AŞPA üçün heç vaxt prioritet məsələyə çevrilmədi”.
Deputat bildirib ki, Frank Şvabenin iyunun 24-də AŞPA-da keçirilən müzakirələr zamanı Azərbaycana qarşı səsləndirdiyi əsassız ittihamlar da məhz bu qərəzli yanaşmanın davamıdır:
“Azərbaycanda guya siyasi məhbusların olması, media və müxalifətə təzyiqlərin göstərilməsi barədə irəli sürülən iddialar heç bir hüquqi və faktoloji əsasa söykənmir. Azərbaycan Respublikasında qanunun aliliyi prinsipi təmin edilir və hər bir şəxs yalnız konkret hüquqi məsuliyyət əsasında cavabdehlik daşıyır. Bu prinsip dünyanın bütün hüquqi dövlətlərində olduğu kimi, Azərbaycanda da eyni şəkildə tətbiq olunur.
Diqqəti çəkən məqamlardan biri də odur ki, Azərbaycana qarşı daim “insan hüquqları” mövzusunda çıxış edən dairələr Ermənistanda baş verən ciddi hüquq pozuntularına münasibətdə tamamilə susqun mövqe nümayiş etdirirlər. Ermənistan həbsxanalarında və məhkəmə sistemində baş vermiş ölüm halları, müxalif siyasi qüvvələrə qarşı təzyiqlər, söz və ifadə azadlığı sahəsindəki problemlər Qərb institutlarının diqqətindən kənarda saxlanılır. Bu isə bir daha sübut edir ki, məsələ insan hüquqları deyil, siyasi məqsədlər və geosiyasi maraqlardır”.
Parlamentari xatırladıb ki, Frank Şvabenin uzun illər ərzində Qarabağ məsələsinə münasibəti də onun qərəzli mövqeyini aydın şəkildə nümayiş etdirir:
“O, işğal dövründə Azərbaycanın tarixi şəhərlərinin dağıdılması, mədəni irsinin məhv edilməsi, yüz minlərlə azərbaycanlının doğma torpaqlarından didərgin salınması barədə bir dəfə də olsun prinsipial mövqe ortaya qoymayıb. Əksinə, o, müxtəlif platformalarda Ermənistanın maraqlarına uyğun çıxışlar edib, hətta Azərbaycan əleyhinə informasiya kampaniyalarının aparılmasında iştirak edib.
Əslində, Azərbaycana qarşı aparılan bu kampaniyaların təşkilatçıları və icraçıları çox yaxşı anlayırlar ki, bu gün ölkəmiz haqqında süni mənfi imic formalaşdırmaq mümkün deyil. Azərbaycan artıq regionun aparıcı dövləti olmaqla yanaşı, beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş, insan hüquq və azadlıqlarının qorunduğu, multikulturalizm və tolerantlıq modelinin uğurlu nümunəsi kimi qəbul edilir.
Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi, iqtisadi və hüquqi islahatlar ölkəmizin davamlı inkişafını təmin edib və Azərbaycanın beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırıb”.
S.Salmanova vurğulayıb ki, heç həs Azərbaycanla ultimatum və ya diktə dili ilə danışa bilməz:
“Bu gün Avropa Şurasının özü ciddi institusional və siyasi böhran yaşayır. Təşkilatın nüfuzunun azalmasının əsas səbəblərindən biri də məhz ikili standartlar siyasəti, beynəlxalq hüququn selektiv tətbiqi və ayrı-ayrı dövlətlərə münasibətdə qərəzli yanaşmanın nümayiş etdirilməsidir.
Əgər AŞPA həqiqətən öz nüfuzunu və etimadını bərpa etmək istəyirsə, o zaman ilk növbədə beynəlxalq hüququn norma və prinsiplərinə hörmət etməli, Azərbaycana qarşı yol verdiyi səhvləri etiraf etməli, Azərbaycan Prezidentindən, dövlətindən və xalqından üzr istəməli, ədalətli mövqe sərgiləməlidir.
Hər həs anlamalıdır ki, Azərbaycan bundan sonra da milli maraqlarına, beynəlxalq hüquqa və ədalət prinsiplərinə əsaslanan müstəqil siyasətini qətiyyətlə davam etdirəcək”.
“Cebheinfo.az”


