26 iyundan başlayan şərəfi yol:Milli ordu 2 ildə necə tarix yazdı... 

26 iyundan başlayan şərəfi yol:Milli ordu 2 ildə necə tarix yazdı... 

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılan ordu qısa müddətdə formalaşmasına baxmayaraq, ölkənin müstəqilliyinin əsas dayaqlarından biri hesab olunurdu.

Maraqlı faktlardan biri odur ki, Cümhuriyyət hökuməti 1918-ci ildə ilk dəfə milli ordu quruculuğuna başlayanda, yalnız hərbi hissələr yaratmaqla kifayətlənmədi, eyni zamanda peşəkar zabit kadrlarının hazırlanmasına da xüsusi diqqət ayırdı. Həmin dövrdə Azərbaycan ordusunda xaricdə hərbi təhsil almış zabitlər də xidmət edirdi və ordu müasir hərbi sistemə uyğun qurulmağa çalışılırdı. Bu qısa müddətdə yaradılan ordu 1918-ci ildə Bakının azad olunması əməliyyatlarında da mühüm rol oynadı. 

Azərbaycan Xalq Cümhuriyyəti ordusunun ən böyük uğuru hansı hadisə hesab oluna bilər?

Araşdırmaçı Dilqəm Əhməd “Cebheinfo.az”-a bildirib ki, milli ordumuzun meydana çıxması birbaşa mürəkkəb bir dövrdə yaradılmış Müsəlman Korpusunun fəaliyyəti ilə bağlıdır:

“1917-ci ildə regionda cərəyan edən geosiyasi proseslər fonunda Zaqafqaziya Komissarlığı həm gürcü, həm erməni, həm də Azərbaycan xalqlarının milli hərbi qüvvələrinin yaradılmasını münasib bildi. Həmin ilin 11 dekabrında hökumət çoxluğu əksəriyyəti Azərbaycan türklərindən ibarət Müsəlman Korpusunun yaradılması haqqında tarixi qərarı imzaladı. Korpusun komandiri isə rus-yapon müharibəsində göstərdiyi rəşadətə görə "rus topçuluğunun Allahı" adını qazanmış general-leytenant Əli ağa Şıxlınski təyin edildi. Lakin acı da olsa etiraf etməliyik ki, bu korpus formalaşma mərhələsində olduğundan, xalqı böyük təhdidlərdən qorumaq gücündə deyildi.

Məhz bu səbəbdən 1918-ci ildə müstəqil dövlətimizin elan edildiyi ilk günlərdə azərbaycanlıların düşmən qarşısına çıxarmağa yetərli milli silahlı qüvvəsi yox idi. Özünü qorumaq və Bakını azad etmək üçün Cümhuriyyət rəhbərliyi millətdaşı olan Osmanlı dövlətindən hərbi yardım istəmək məcburiyyətində qaldı. Osmanlı səltənətinin Baş komandan vəkili Ənvər Paşanın böyük qardaşlıq addımı ilə onun doğma qardaşı general Nuru Paşanın komandanlığı altında 12-14 min nəfərlik Qafqaz İslam Ordusu Azərbaycana göndərildi.

Gənc hökumətin 26 iyun 1918-ci il tarixli qərarı ilə mövcud Müsəlman Korpusu "Əlahiddə Azərbaycan Korpusu" adlandırılaraq milliləşdirilmə yolunda ilk ciddi addım atıldı”. 

Tarixi sənədlər göstərir ki, Gəncədə təşkil edilmiş ikinci hökumət kabinəsində ayrıca Hərbiyyə Nazirliyi nəzərdə tutulmamışdı: 

“Çünki ordu ilə bağlı bütün səlahiyyətlər təbii olaraq Qafqaz İslam Ordusunun komandanı Nuru Paşaya verilmişdi. Hökumətin tərkibində isə yalnız bu Ordunun komandanlığı ilə əlaqələri nizamlayacaq hərbi işlər üzrə baş müvəkkil (İsmayıl xan Ziyadxanov) fəaliyyət göstərirdi. Nuru Paşanın 13 avqust 1918-ci il tarixli əmri ilə Əlahiddə Azərbaycan Korpusu birbaşa Qafqaz İslam Ordusu komandanlığına tabe edildi və beləliklə, Azərbaycanın təxminən 20 min nəfərlik vahid hərbi qüvvəsi formalaşdı.

Bu qüvvə ağır hərbi əməliyyatlardan sonra 15 sentyabr 1918-ci ildə Bakını ingilis-rus-erməni hərbçilərindən təmizləyərək Azərbaycanın paytaxtı etdi. Oktyabr ayında Osmanlı dövlətinin imzalamağa məcbur olduğu Mudros müqaviləsindən sonra türk ordusu regiondan çəkilməyə başladı.

Bu kritik məqamda hökumət 1 noyabr 1918-ci ildə yenidən Hərbiyyə Nazirliyinin yaradılması haqqında qərar çıxardı. Nazirlik rəsmən Baş nazirə həvalə edilsə də, onun müavini və ordunun faktiki qurucusu tam topçuluq generalı Səməd ağa Mehmandarov təyin olundu.

Noyabrın 7-də vəzifəsinin icrasına başlayan Mehmandarov Ümumi Qərargahın rəisi vəzifəsini polkovnik Həbib bəy Səlimova tapşırdı. Fətəli xan Xoyskinin 26 dekabrda təşkil etdiyi üçüncü kabinədə Mehmandarov hərbiyyə naziri təsdiqləndi, 29 dekabrda isə Şıxlınski onun müavini oldu. Bu tandem Nəsib bəy Yusifbəylinin qurduğu sonrakı hökumətlərdə də fəaliyyətini uğurla davam etdirdi”. 

Ordu quruculuğunun sonrakı mərhələləri də maraqlı faktlarla zəngindir: 

“2 yanvar 1919-cu il qərarı ilə Əlahiddə Azərbaycan Korpusu ləğv olunaraq zabitləri biləvasiitə nazirlik aparatına və qoşun hissələrinə göndərildi. Yanvarın 10-da hərbiyyə naziri yanında yüksək rütbəli hərbi xadimlərdən ibarət Hərbi Şura yaradıldı. Mart ayında isə general-leytenant Məhəmməd bəy Sulkeviç Baş Qərargahın Baş İdarəsinin rəisi vəzifəsinə gətirildi. Fevralın 11-də təsdiq edilən süvari qoşunların türk dilində Əsasnaməsi və Azərbaycan Ordusunun milli geyim forması isə hərb tariximizin ilkləri idi.

Ordunun əsgərlə təminatı sistemini qurmaq üçün 26 may 1919-cu ildə Məclisi-Məbusan (Parlament) mərkəzi, qəza, dairə və şəhər hərbi idarələrinin yaradılması haqqında Əsasnaməni təsdiq etdi və hərbi mükəlləfiyyət işi vahid mərkəzə – Azərbaycan Mərkəzi Hərbi İdarəsinə bağlandı. Milli zabit kadrlarının yetişdirilməsində 1919-cu ilin oktyabrında polkovnik Rüstəm bəy Şıxlınskinin rəhbərliyi ilə yaradılmış Hərbiyyə Məktəbi müstəsna rol oynadı.

Təhsil müddəti 2 il nəzərdə tutulsa da, imperiya təhlükəsi fonunda 24 aprel 1920-ci ildə bu məktəbin vaxtından qabaq buraxılışı oldu və 104 gənc "yunker" zabit rütbəsi aldı. Çox təəssüf ki, cəmi 3 gündən sonra Azərbaycan rus süngüləri ilə işğal olundu və bu parlaq milli kadrların çoxu işğalçılar tərəfindən cismən məhv edildi.

Hökumətin 30 yanvar 1920-ci ildə hərbi ordenlər, milli himn, gerb və möhür layihələrinin hazırlanması barədə qərarı respublikanın rəmzlərini tamamlamağa yönəlmişdi. Qısa, lakin şərəfli ömür yaşamış Azərbaycan Ordusu Bakının azad edilməsində, Qarabağdakı xain qiyamın yatırılmasında, Yalama stansiyasında XI Qırmızı Ordunun qarşısının alınmasında öz vəzifəsini ləyaqətlə yerinə yetirdi. Lakin arxasında böyük güclərin dayandığı, Denikinin ağ ordusunu əzib keçən XI ordunun qarşısında təkbaşına dayanmaq qeyri-mümkün idi”. 

Araşdırmaçı qeyd edir ki, Sovet Rusiyası Azərbaycanın müstəqilliyini beşikdəcə boğduğu kimi, onun milli ordusunu da tarixdən silməyə çalışdı. Lakin o ordunun buraxdığı rəşadət izi heç vaxt silinmədi. 

Aişə Abdulova 
“Cebheinfo.az”