Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib
Gürcüstan hökuməti Azərbaycan tərəfi ilə aparılan müzakirələr nəticəsində əlverişli qiymətə 2 milyard kubmetrdən artıq təbii qazın təchizatına dair təminat alıb.
"Report"un yerli bürosunun məlumatına görə, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze parlamentdə hökumətin illik fəaliyyət hesabatını təqdim edərkən bəyan edib.
Baş nazir bildirdib ki, hesabat dövrü ərzində ölkədə qazlaşdırma layihələri davam etdirilib və 60-dan çox yaşayış məntəqəsi qaz şəbəkəsinə qoşulub.
Onun açıqlamasına əsasən, bu addım sayəsində təqribən 10 min ev təsərrüfatı təbii qazla təmin edilib.
İ.Kobaxidze vurğulayıb ki, Gürcüstan üçün strateji önəm daşıyan qaz təchizatı məsələsinə dair Azərbaycanla aparılan müzakirələr müvəffəqiyyətlə yekunlaşıb:
"Ölkəmiz üçün fundamental əhəmiyyət kəsb edən qaz təchizatı ilə əlaqədar dost ölkəmiz Azərbaycanla son dərəcə vacib danışıqlar apardıq. Bu müzakirələr İqtisadiyyat Nazirliyi tərəfindən uğurla başa çatdırıldı və nəticə olaraq əlverişli qiymətə 2 milyard kubmetrdən artıq qazın tədarükünə dair təminat əldə etdik".
Baş nazir xüsusi olaraq vurğulayıb ki, bu saziş Gürcüstanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsi baxımından böyük əhəmiyyətə malikdir.
“Cebheinfo.az”


