Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələdə: "İnkişafa xidmət edir"
Xəbər verdiyimiz kimi, bu gün Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycana dövlət səfərinə gəlib.
Səfər çərçivəsində Bakı ilə Aşqabad arasında siyasi, iqtisadi və humanitar sahələri əhatə edən geniş əməkdaşlıq paketi imzalanıb. Prezident İlham Əliyev və Sərdar Berdiməhəmmədovun iştirakı ilə iki ölkə arasında energetika, sənaye, gömrük, kənd təsərrüfatı, səhiyyə, sosial müdafiə və xarici siyasət sahələrində bir sıra mühüm sənədlər qəbul olunub. İmzalanan sazişlər Azərbaycan-Türkmənistan münasibətlərinin strateji tərəfdaşlıq mərhələsinə keçdiyini göstərir.
Əldə olunan razılaşmalar iki ölkə arasında əməkdaşlığa hansı yeni imkanlar yaradacaq?
“Cebheinfo.az”- a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının sədri, deputat bildirib ki, Sərdar Berdiməhəmmədovun səfəri ikitərəfli münasibətlərdə yeni mərhələnin başlanğıcıdır.
Onun sözlərinə görə, Azərbaycan və Türkmənistan arasında münasibətlər yeni inkişaf mərhələsinə daxil olur:
“Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri və səfər çərçivəsində imzalanan sənədlər iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərir. Azərbaycan və Türkmənistan tarix, mədəniyyət, dil, ortaq mənəvi dəyərlərlə bağlı olan dost və qardaş ölkələrdir. Son illərdə qarşılıqlı əlaqələrin intensivləşməsi siyasi dialoqun daha da möhkəmlənməsinə şərait yaradıb”.
Deputat əlavə edib ki, Bakı ilə Aşqabad arasında yeni layihələrin əsası qoyulur:
“İmzalanan sazişlər xüsusilə iqtisadiyyat, energetika, nəqliyyat-logistika və humanitar əməkdaşlıq sahələrində münasibətlərin genişlənməsinə əlavə imkanlar açır. Azərbaycan və Türkmənistan Xəzər hövzəsinin mühüm dövlətləri kimi regionun enerji təhlükəsizliyi və nəqliyyat-kommunikasiya layihələrində əhəmiyyətli rol oynayırlar.
Bu baxımdan, əldə olunan razılaşmalar qarşılıqlı iqtisadi əlaqələrin həcminin artmasına, ticarət dövriyyəsinin genişlənməsinə və yeni birgə layihələrin həyata keçirilməsinə təkan verə bilər”.
Arzuxan Əlizadə vurğulayıb ki, razılaşmalar regionun iqtisadi inkişafına xidmət edir və Türkmənistanın bazarlara çıxışı genişlənir:
“Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılan beynəlxalq nəqliyyat dəhlizləri, o cümlədən Şərq-Qərb və Orta Dəhliz layihələri Türkmənistan üçün də yeni iqtisadi imkanlar yaradır. Bu marşrutlar vasitəsilə Türkmənistanın beynəlxalq bazarlara çıxış imkanları genişlənir, Azərbaycanın isə regionun əsas tranzit və logistika mərkəzi kimi mövqeyi daha da güclənir.
Bu baxımdan, tərəflər arasında əldə olunan razılaşmalar yalnız ikitərəfli əməkdaşlığa deyil, bütövlükdə regionun iqtisadi inkişafına xidmət edən mühüm addımlar kimi qiymətləndirilə bilər”.
O bildirib ki, imzalanan sənədlər regionda sabitlik və etimadı gücləndirəcək:
“Eyni zamanda, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın inkişafı fonunda Bakı ilə Aşqabad arasında əlaqələrin güclənməsi bütövlükdə türk dünyasının inteqrasiyasına da mühüm töhfə verir. Hesab edirəm ki, imzalanan sənədlər yalnız ikitərəfli münasibətlərin inkişafına deyil, həm də regionda sabitliyin, iqtisadi əməkdaşlığın və qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edəcək”.
Əfsanə Rəcəb
“Cebheinfo.az”

