Pezeşkian: "Düşmən dəyirmanına su tökməyin"
İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə aparılan danışıqlardan sonra verdiyi ilk açıqlamada ölkə daxilində parçalanmaya səbəb olacaq mesajlardan çəkinməyə çağırıb.
"Cebheinfo.az" xəbər verir ki, İranlı Tələbələrin Xəbər Agentliyinin (ISNA) məlumatına görə, Pezeşkian paytaxt Tehrandakı Liderlər Konfrans Zalında Milli İşçi Günü münasibətilə çıxış edib.
Pezeşkian bildirib ki, dünən İsveçrədə ABŞ ilə keçirilən danışıqlara heç bir güzəşt vermədən qatılıblar.
Ölkə daxilində ABŞ ilə danışıqlar prosesinə qarşı səsləndirilən tənqidlərə diqqət çəkən İran Prezidenti deyib: “Ayrılıq və parçalanmaya səbəb olacaq hər mesaj düşmən dəyirmanına su tökməkdir. Bu günə qədər belə bir uzlaşma mühiti heç vaxt yaranmamışdı”.
Pezeşkian vurğulayıb ki, danışıqlarda qarşı tərəf İranın hüquqlarını görməzdən gələrsə, geri addım atmayacaqlar.
İran Prezidenti, həmçinin qeyd edib ki, bu prosesdə İranın istəyi ilə ABŞ Livanda geri addım atıb və bəzi müsbət dinamika yaşanıb.
Nigar Hacılı
"Cebheinfo.az"

