Meydanda “tiktoker”lərdir: “Bir dəli maşının üstünə çıxıb deyir ki...” - Professordan etiraz
Sosial şəbəkələr artıq həyatımıza çox sürətlə nüfuz edir.
Hətta vəziyyət o yerə gəlib çıxıb ki, sosial şəbəkələr gənclərin peşə seçimlərinə də ciddi təsir göstərməyə başlayıb. Son illər xüsusilə yeniyetmələr arasında hər hansı sənət və peşəyə maraqdan daha çox bloqer və influenser olmaq arzusu ortaya çıxıb.
Gənclər qısa zamanda məşhurlaşmaq və yüksək gəlir əldə etmək ümidi ilə ənənəvi peşələrdən uzaqlaşmağa başlayıb. Bu tendensiyanın doğurduğu risklər isə zaman-zaman cəmiyyətdə ciddi müzakirələrə səbəb olub.
Günlər əvvəl tanınmış hüquqşünas Fərhad Mehdiyevin 17 yaşlı qızının faciəvi ölümündən sonra etdiyi paylaşım da bu mövzunu yenidən gündəmə gətirib. Böyük mənəvi sarsıntı yaşayan hüquqşünas valideynlərə, xüsusilə atalara müraciət edərək övladlarının həyatına və seçimlərinə daha yaxından nəzarət etməyin vacibliyini vurğulayıb.
O bildirib ki, son iki ildə qızının tərbiyəsinə ciddi müdaxilə etməyib və qızı sosial şəbəkələrdə reklam çəkərək gəlir əldə edib:
“Son 2 ildir ki mən qızımın tərbiyyəsinə ciddi qarışmırdım, - reklam çəkib pul qazanırdı, hətta mənə "Ata, bloqqerlər vəkillərdən çox pul qazanır" deyirdi”.
Məhz bu etiraf sosial şəbəkələrin gənclərin həyatına və gələcək planlarına təsiri ilə bağlı müzakirələri yenidən alovlandırıb.
Bəs sosial şəbəkələr yeniyetmələrin peşə seçiminə necə təsir edir?
“Cebheinfo.az”-a açıqlamasında iqtisad elmləri doktoru, professor Zahid Məmmədov bildirib ki, gənclərin əksəriyyəti artıq “tiktoker” olmaq istəyir.

Onun sözlərinə görə, alternativ olmadığı üçün cəmiyyət onları izləyir:
"Biz onları peşə sahibi hesab etməsək də, onlar pul qazanırlar. Gənclər görürlər ki, bu, asan qazanc yoludur. Məlumdur ki, bu gün 17-18 yaşlı gənclərin əksəriyyəti “tiktoker” olmaq istəyir. Cəmiyyət artıq onların paylaşdıqlarına reaksiya verir.
Çünki alternativ yoxdur, cəmiyyət sadəcə onları görür. Əgər televiziyalarda, müxtəlif tədbirlərdə alternativlər olsa, insanlar kimin daha bilgili olduğunu görüb qərar verə bilərlər. Hazırda meydan yalnız onların əlindədir, başqa kimsə görünmür. Onlardan başqa kimsə yoxdu. Artıq böyüklər də bu işlə məşğul olur”.
Zahid Məmmədov əlavə edib ki, reklam bazarı artıq “tiktoker”lərin əlindədir:
“Bu sahədə yaş məhdudiyyəti ilə bağlı qanun qəbul edilməlidir. Reklam bazarı da artıq tiktokerlərin əlindədir. Artıq şirkətlər onlarla işləyirlər. Məsələn, bir dəlinin biri avtomobilin üstünə çıxıb deyir ki, bu, ən yaxşı maşındır.
Bu da reklam. Yəni belə bir vəziyyət yaranıb. Bu, çox acınacaqlı vəziyyətdir və proses davam edir. Bir insan öz yeməyini çəkib paylaşırsa, diqqət məhz onun üzərinə yönəlir”.
Professor vurğulayıb ki, televiziyalarda gənclərin maraq dairəsinə uyğun, maarifləndirici və cəlbedici alternativ verilişlərin hazırlanması bu tendensiyanın qarşısının alınmasına kömək edə bilər:
“Burada seçim məsələsi var. Ümumiyyətlə, televiziyalarda yaxşı alternativ və uyğun verilişlər olarsa, bunun qarşısını almaq olar. Bloqerlərin çox qazanması artıq iqtisadi hadisə deyil, artıq adi hala çevrilmiş sosial və mədəni problemdir.
Onların pul qazanması, zənginləşməsi, dinlənilməsi, efirə çıxarılması və onlara dəyər verilməsi olduqca yanlışdır. Bu, gələcəkdə cəmiyyət üçün böyük problemlər yaradacaq. Televiziyalar maarifləndirməyə keçməlidir. Artıq gərəksiz və toy səviyyəsində olan verilişlər yığışdırılmalıdır”.
Əfsanə Rəcəb
“Cebheinfo.az”

