COVID-19 peyvəndi haqqında nələri bilməliyik?
Dünyada aparılan yeni araşdırma göstərib ki, COVID-19-a qarşı peyvənd olunmaq koronavirusla əlaqəli ciddi ürək-damar hadisələrinin – insult, infarkt və ürək xəstəlikləri səbəbindən xəstəxanaya yerləşdirilmə hallarının riskini təxminən 40 faiz azaldır.
Alimlər bildirirlər ki, peyvəndin ürək sağlamlığına müsbət təsiri uzun illər davam edir.
"Cebheinfo.az" xarici mediaya istinadən xəbər verir ki, araşdırmanın nəticələri “JAMA Internal Medicine” jurnalında dərc olunub.
Tədqiqat müəllifləri hesab edirlər ki, COVID-19 peyvəndləri təkcə infeksiyadan qorumaqla kifayətlənmir, həm də ümumi ictimai sağlamlığa əlavə fayda verir.
Araşdırmaya görə, peyvənd ürək-damar xəstəliklərinin, xəstəxanaya yerləşdirmələrin və hətta COVID-19-la əlaqəsi olmayan səbəblərdən ölüm hallarının azalmasına kömək edir.
ABŞ-nin Sent-Luis şəhərində yerləşən Vaşinqton Universitetinin tibb alimi, klinik epidemioloq və araşdırmanın həmmüəllifi Ziyad Al-Aly bildirib ki, nəticələr peyvəndlərin hətta COVID-19-a yoluxduğunu bilməyən insanlarda belə müsbət təsir göstərdiyini ortaya qoyur.
Qeyd edək ki, əvvəlki araşdırmalar da koronavirus peyvəndlərinin infarkt və insult riskini azaltdığını göstərmişdi. Onlardan biri 2020–2022-ci illərdə İngiltərədə təxminən 46 milyon yetkin insan üzərində aparılmışdı.
Son tədqiqatın məqsədi isə bu qoruyucu təsirin pandemiyanın ilk illərindən sonra da davam edib-etmədiyini müəyyənləşdirmək olub.
Alimlər bildirirlər ki, həm virus zamanla dəyişib, həm də peyvəndlərin tərkibi yenilənib. Buna baxmayaraq, yeni nəsil peyvəndlərin də ürək-damar problemlərinə qarşı qoruyucu təsir göstərdiyi müəyyən edilib.
Tədqiqat ABŞ Veteranlar İşləri Departamentinin səhiyyə sistemindən istifadə edən təxminən 1 milyon veteranı əhatə edib. Tədqiqatçılar yalnız mövsümi qrip peyvəndi vurduranlarla həm qrip, həm də yenilənmiş COVID-19 peyvəndi qəbul edən şəxsləri müqayisə ediblər.
Araşdırmada mRNT əsaslı peyvəndlər və Novavax daxil olmaqla müxtəlif vaksinlər nəzərdən keçirilib.
İştirakçılar təxminən səkkiz ay ərzində izlənilib və onların COVID-19 infeksiyasından sonra ciddi ürək-damar problemi yaşayıb-yaşamadıqları araşdırılıb.
Nəticələrə görə, COVID-19 peyvəndi olunmuş şəxslərdə koronavirusla əlaqəli ürək-damar hadisələrinin riski 37,7 faiz daha aşağı olub.
Ən böyük fayda isə 75 yaşdan yuxarı şəxslərdə, həmçinin ürək-damar xəstəliyi, diabet və ya xroniki ağciyər xəstəlikləri olan insanlarda müşahidə edilib.
Tədqiqatda iştirak etməyən, Kaliforniya Universiteti, Los-Ancelesin Uzunmüddətli COVID proqramının direktoru Nisha Viswanathan bildirib ki, nəticələr xüsusilə yaşlı insanların peyvənd olunmasının vacibliyini bir daha göstərir.
Müəyyən edilib ki, COVID-19 peyvəndi olunan şəxslərdə ümumilikdə ciddi ürək-damar xəstəliklərinin yaranma ehtimalı təxminən 6 faiz daha azdır.
Bundan əlavə, peyvənd bütün səbəblərdən ölüm və xəstəxanaya yerləşdirilmə hallarının da təxminən 7 faiz azalması ilə əlaqələndirilib.
Ziyad Al-Aly qeyd edib ki, bu faizlər ilk baxışda kiçik görünə bilər. Lakin hesablamalara görə, peyvənd olunan hər 10 min nəfər arasında təxminən 23 ciddi ürək-damar hadisəsinin, 30 xəstəxanaya yerləşdirmənin və 16 ölümün qarşısı alınır. Bu isə peyvəndlərin ictimai sağlamlıq baxımından əhəmiyyətli fayda verdiyini göstərir.
Gülər
"Cebheinfo.az"


