Pekindən Vaşinqtona simvolik CAVAB
Çin ABŞ-nin bu ay bəzi şirkətləri məhdudiyyət siyahısına salmasına cavab olaraq, bu ölkənin 56 şirkətinə qarşı yeni sanksiya qərarları açıqlayıb.
"Cebheinfo.az" xəbər verir ki, Çin Ticarət Nazirliyinin bəyanatına görə, ABŞ ordusu ilə əlaqəli olduğu bildirilən 10 ABŞ şirkəti ixracat nəzarəti siyahısına əlavə edilib. Qərar çərçivəsində bu şirkətlərə Çin mənşəli ikili təyinatlı məhsulların ixracı dayandırılıb.
Siyahıya ABŞ-də fəaliyyət göstərən yeganə aktiv nadir torpaq elementi mədənini işlədən və Pentaqon tərəfindən dəstəkləndiyi bildirilən "MP Materials" ilə "USA Rare Earth" də daxil edilib.
Kritik əhəmiyyətli tətbiqlər üçün mühərrik istehsal edən "Aveox" da sanksiya tətbiq edilən şirkətlər arasında yer alıb. Nazirlik sözügedən addımların ABŞ hökumətinin "bədniyyətli tətbiqlərinə" cavab olaraq atıldığını qeyd edərək, qərarların milli təhlükəsizliyin və maraqların qorunması, həmçinin beynəlxalq öhdəliklərin yerinə yetirilməsi məqsədi daşıdığını müdafiə edib.
Bəyanatda "Hər hansı bir ölkə və ya regiondakı qurum və şəxslərin Çin mənşəli ikili təyinatlı məhsulları bu şirkətlərə ötürməsi və ya tədarük etməsi qadağandır", – deyə bildirilib.
Bu qərarla birlikdə əvvəllər lisenziya şərtinə bağlı olan ixrac əməliyyatları tamamilə qadağan edilib.
Ekspertlər isə Pekinin bu gedişinin böyük ölçüdə simvolik xarakter daşıdığını hesab edirlər. Geosiyasi məsləhətçilik şirkəti "Asia Group"un Böyük Çin Regionu üzrə tərəfdaşı Corc Çen sanksiya tətbiq edilən şirkətlərin çoxunun ABŞ müdafiə sənayesində fəaliyyət göstərdiyini və ya ABŞ hökuməti ilə sıx əlaqələrə malik olduğunu bildirərək, bu şirkətlərin Çində mühüm bir kommersiya fəaliyyətinin olmadığını söyləyib.
Çen Çinin qərarını ABŞ Müdafiə Nazirliyinin Çin texnologiya şirkətlərini hədəf alan "1260H" siyahısına verilən adekvat bir cavab kimi qiymətləndirib. Xatırladaq ki, ABŞ Müdafiə Nazirliyi bu ay yenilədiyi siyahısına "Alibaba", "Baidu", "BYD" və "NIO" kimi şirkətləri də əlavə etmişdi.
Çin Maliyyə Nazirliyi də ayrıca bir bəyanatla 46 ABŞ şirkətinə qarşı yeni tədbirlər elan edib. Qərara əsasən, Çinli alıcıların sözügedən şirkətlərin istehsal etdiyi məhsulları satın alması qadağan edilib.
Lakin Çində fəaliyyət göstərən ABŞ kapitallı şirkətlərin bu məhsulları almasının qarşısında hər hansı bir maneə olmayacaq. Beləliklə, Çinin son addımları ilə birlikdə ABŞ-də yerləşən ümumilikdə 56 şirkət yeni sanksiya və məhdudiyyətlərin hədəfinə çevrilib.
Nigar Hacılı
"Cebheinfo.az"

