Azərbaycanın futzal millisinin Çexiya və Latviyaya qarşı matçlarının statistikası açıqlanıb
Dünya çempionatının əsas mərhələsində Çexiya və Latviya ilə eyni qrupa düşən Azərbaycanın futzal yığmasının bu rəqiblərlə əvvəlki oyunlarının statistikası açıqlanıb.
"Cebheinfo.az" Futzal Federasiyasına istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi Çexiya ilə 6-sı rəsmi olmaqla ümumilikdə 8 matçda üz-üzə gəlib.
Bu rəqiblər arasında ilk duel 31 il əvvəl baş tutub və həmin vaxt qitəmiqyaslı yarışlara yeni qədəm qoyan Azərbaycan yığması böyük hesabla (2:10) məğlub olub. Ümumilikdə Çexiya ilə rəsmi matçların 2-də Azərbaycan yığması, 4-də isə rəqib qələbə qazanıb. Onlarla son qarşılaşmalar yoldaşlıq matçları çərçivəsində baş tutub. 2 il əvvəl Zlin şəhərində təşkil olunan görüşlərdə Çexiya komandası qələbə qazanıb.
Milli qrupdakı digər rəqib Latviya seçməsi ilə 1 dəfə rəsmi, 2 dəfə isə yoldaşlıq oyununda üz-üzə gəlib. Rəsmi görüş 28 il əvvəl keçirilib və futzal üçün qeyri-adi hesab ediləcək nəticə qeydə alınıb - 0:0. Yoldaşlıq oyunları isə 2019-cu ildə Liepaya şəhərində təşkil olunub. İlk qarşılaşmada qələbəni (1:3) Azərbaycan yığması qazanıb, ertəsi gün baş tutan matçda isə heç-heçə (2:2) qeydə alınıb.
Qeyd edək ki, dünya çempionatında oyunlar ev-səfər prinsipi ilə keçiriləcək. 12 qrup qalibi və ən yaxşı göstəriciyə malik 4 "ikinci" elit raunda birbaşa vəsiqə əldə edəcək. Qalan 8 qrup ikincisi pley-off oyununda iştirak edəcək və qalib gələn 4 milli elit raunda vəsiqə qazanacaq.
"Cebheinfo.az"

